Namaz qəzası olanın sünnət qılması

Sual: Şafii məzhəbində qəzası olanın sünnət qılması haram imiş. Şafii alimləri necə olur ki, namaz qılmağa haram deyə bilirlər? Bu qədər məntiqsizlik olarmı?

CAVAB: Bəzi deyimlər, təbirlər vardır ki, bir şey deyiləndə başqa şey başa düşülür. Məsələn soba yanır deyilir, məqsəd içindəki odun yanır deməkdir, yoxsa dəmir sobanın özü deyil. Şafii alimlərinin və digər məzhəb alimlərinin qəza namazı var ikən sünnətlə məşğul olmağa haram demələri də belədir. Haram olan sünnət qılmaq deyildir, fərzi təxirə salmaq, gecikdirməkdir. Sünnət olsun, nafilə olsun namazla məşğul olmaq savabdır, ancaq fərz borcunu təxirə salmaq haramdır. Onun üçün sünnət qılmaq haramdır, deyilir. Sünnət qılınınca fərz təxirə salındığı üçün sünnət qılmaq haramdır, deyilir. Yoxsa birbaşa sünnət qılmaq haramdır, deyilmir.

 Bu mövzuya örnək vermək üçün Tərqib-us-salat kitabındakı iki hədisi-şərifi bildirək:

“Bir namazı vaxtı çıxdıqdan sonra qılan, 80 hukbə (axirət ili) Cəhənnəmdə qalacaqdır”.

 “İki fərz namazı bir araya gətirmək böyük günahdır”.

 Birinci hədisi-şərifdə sanki namaz qılmaq və ya qəzasını qılmağın cəzası Cəhənnəmdə 80 hukbə qalmaq olaraq bildirilir. Burada namaz qılmaq, qəza namazı qılmaq günahdır deyilmir. Namazı üzrsüz qəzaya buraxmaq günahdır deyilir.

 İkinci hədisi-şərif də belədir. Deyək ki, səbəbsiz günorta namazının fərzini qılmayıb ikindi ilə bərabər qılmaq böyük günahdır deyilir. Bu nə deməkdir? Bu o deməkdir ki, günortanı səbəbsiz ikindi vaxtına buraxmaq böyük günahdır. Qəza etməklə belə günah əfv olunmur. Ayrıca istiğfar (tövbə) etmək lazımdır.

Sual: Bir kimsə qəza namazı qılmayıb ömür boyu təhəccüd, quşluq və əvvabın kimi sünnət olan nafilə namazlar qılsa, qəza namazı borcundan qurtulmuş olar?

CAVAB: Əsla qurtulmuş olmaz. İmamı Rabbani həzrətləri buyurur ki:

Fərzlərin yanında nafilənin heç qiyməti yoxdur. Dəniz yanında damla belə deyildir. (1/260)

 Ömür boyu qıldığı bütün nafilələr, bir fərz namazın savabına çatmaz. İslam alimləri, “Fərz qəzası olanın nafilələrlə məşğul olması axmaqlıqdır”, buyururlar. Bir fərzi vaxtında yerinə yetirməklə qəzasını ödəmək belə eyni deyildir. Məsələn bir insan Ramazan ayında fərz olan orucu tutmayıb sonra qəza etsə, hətta ömür boyu nafilə oruc tutsa, o bir günün savabına qovuşa bilməz. Bir hədisi-şərif məali (açıqlama) belədir:

“Ramazanda bir gün oruc tutmayan, onun yerinə bütün il oruc tutsa, Ramazandakı o bir günki savaba qovuşa bilməz”. (Tirmizi)

 Bu hədisi-şərif fərzlərı vaxtında əda etməyin (yerinə yetirməyin) əhəmiyyətini açıq-aşkar göstərir. Qəza etməklə belə bu savaba qovuşmayacağı bildirilir. Hələ qəza etməyib nafilələrlə məşğul olmağı İslam alimləri axmaqlıq olaraq qiymətləndirirlər. Sünnətlərin də nafilə hökmünə daxil olduğu, bütün fiqh kitablarında açıq-aşkar bildirilir.