Facebook Twitter WhatsApp

Namaz və içki içənin halı

Sual: Dostlarımdan biri keçən gün içki içmiş və “içkinin vücuddan 40 gün çıxmayacağı üçün 40 gün ibadətlərin qəbul olmayacağını” kimdənsə eşidərək hal-hazırda namaz qılmağı buraxdı. Bu hal doğrudurmu?

CAVAB: Namazı buraxmaq çox böyük günahdır. “İçki vücuddan qırx gün çıxmaz” deyə bir şey yoxdur. Qurani-kərimdə sərxoş ikən qılmayın deyilir. Namazda oxuduğunu anlarsa qılması lazımdır. Ayıq ikən qılması lazımdır. Dərhal namaza başlasın. Nə günah işlənirsə işlənsin namaz tərk edilməməlidir. İçki içənin namazı səhihdir, yəni borc ödənmiş olur, amma savaba qovuşulmaz.

 Sual: Ərim içkili ikən namaz qılır. Namazı qəbul olurmu? Oruc da tutur. İçki ilə orucunu açdığı vaxtlar da olur. Bu halda namazı və orucu boşamı gedir?

CAVAB: Günah ayrı, ibadət ayrıdır. Yəni günah işləyən kimsənin də ibadətləri səhih olur. Namaz borcundan, oruc borcundan qurtulur. Axirətdə nə üçün namaz qılmadın, oruc tutmadın deyə sorğuya çəkilməz. Niyə içki içdin deyə sorğuya çəkilər. İçki içənin qıldığı namazlar səhih olur, fəqət qəbul olmaz. Qəbul olmaz demək səhih olmaz demək deyildir. Səhih və ixlaslı olan hər ibadətin savabı olur. Namaz borcundan qurtulur, fəqət namazdan hasil olan böyük savabların heç birinə qovuşa bilməz deməkdir.

 Açıq-saçıq gəzən qadının namazı da belədir. Namaz borcundan qurtulur, namaz qılmaqla hasil olacaq böyük savabların heç birinə qovuşmaz, yəni savabı az olur. Bu sadəcə içki içən, açıq-saçıq gəzən üçün deyil, hər növ günahı işləyən üçün də belədir. Yalan söyləyən, qeybət edən, söz daşıyan kimsənin də namazlarının savabları azalır.