• gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com

Mikrofonla qıldıran imama uymaq

Sual: Səsucaldıcıdan çıxan səsə amin deyənin namazı pozulur, deyirlər. Halbuki, mən elmihallara baxdım, namazı pozanlar arasında mikrofon yazılmayıb. Səsucaldıcıdan çıxan səsə amin demək niyə namazı pozur? Səsucaldıcıyla səsin yüksəldilməsinin nə zərəri var ki?

 

CAVAB
Hər elmdə olduğu kimi, fənn elmində də o işin mütəxəssisi söz sahibidir. Dinimiz də buna dəyər verir; çünki fənn elmləri İslam elmlərinin bir qoludur. Dini bilgilərdə isə ədilləyi-şəriyyə əsasdır. Fənn bilgiləri bunlara görə açıqlanır.


Müsəlman və mütəxəssis bir həkim, bu xəstə qüsul alarsa ölər deyirsə, təyəmmüm lazımdır deyirsə, o həkimə inanmaq lazım olduğunu, digər fənn işlərində də vəziyyətin belə olduğunu dinimiz bildirir. Səsucaldıcıdan çıxan səs birbaşa sədadırmı, əks-sədadırmı, yoxsa başqa bir səsdirmi, bunu ancaq mütəxəssis bildirə bilər.


Bütün mütəxəssis mühəndislər bildirir ki:


“Səsucaldıcıdan çıxan səs birbaşa səda deyildir. Mikrofon, səsi yüksəldən bir alət deyildir. Əks-səda da deyildir. İmamın səsi səsucaldıcıya ötürüldükdə, elektrik və maqnitin hasil etdiyi bir səsə çevrilir. Duyulan səs imamın səsi deyil, elektrik və maqnitın hasil etdiyi səsdir. Yəni, səsucaldıcıdan çıxan səs elektrikin təsirilə hasil olan maqnit qüvvələrinin titrəyərək dəmir lövhənin əmələ gətirdiyi səsdir. TV ekranındakı şəkil imamın şəxsən özü deyil, təsviridir. TV-dəki səs də imamın şəxsən öz səsi deyil, səsin bənzəridir.”


Bütün mütəxəssislər belə söyləyirsə, dinin əmri olduğuna görə onlara inanmaq lazımdır. Halal olan üzüm şirəsi alkoqola, şəraba çevrildikdə, o maye haram olur. Yox, bu üzüm şirəsidir, deyə inad etmək cahillikdən başqa şey deyildir. Şərab da sirkələşdikdə halal olur. Şərab necə halal ola bilər, demək də cahillikdir. Yenə mütəxəssis kimyagər, “Nəcis yağ, məsələn, donuz yağı sabuna çevrilsə, təmiz olar” deyir.

Bəli, bütün mütəxəssislər nə deyir? “TV-dəki danışan adamın rəsmi birbaşa özü olmadığı kimi, səsi də şəxsən öz səsi deyil, bənzəridir” deyirlər.

İndi gələk dini hökmünə:

İbni Abidin-də deyilir ki: “Başqasının səsinə amin deyənin namazı pozulur.”


Səsucaldıcıdan çıxan səs də başqa bir səs olduğuna görə ona amin deyənin namazı pozulur. Demək ki, namazı pozanların arasında başqa bir səsə amin demək də var imiş. İnsan bunu bilməyincə, “Səsucaldıcı səsi yüksəldir, nə böyük nemətdir. Hamı bilir, siz bilmirsiniz” deyərək cahilliyini göstərir.


Mikrofonla qılınan namaz

Sual: Mikrofonla namaz qılmağın caiz olmadığını texniki və dini dəlillərlə açıqlamışsınız. Bunu anladıq; amma o zaman böyük camilərdə necə namaz qılınacaq? Xüsusilə Cümə namazı tək qılınmır, bu namaz nə olacaq?
CAVAB
Böyük camilər yeni çıxmadı. Əsrlərdir Müsəlmanlar böyük camilərdə namaz qılır.

Necə qılınacağı da fiqh kitablarında bildirilmişdir. Əgər imamın səsi duyulmayacaq dərəcədə olarsa, camaat sıx olarsa, caminin böyüklüyünə görə bir və ya bir neçə müəzzin, mübəlliğ vəzifəsini görər. Müəzzininin səsilə hərəkət edilər. Mübəlliğ: Burada imamın dediklərini təkrar edən şəxsə deyilir.


Mikrofonla qılınan yerdə səsucaldıcıdan gələn səsə deyil, imamı görərək imamın hərəkətlərinə və ya imamı görənlərin hərəkətlərinə uyaraq qılanların namazı səhih olur.

İkinci bir xüsus, imamın etiqadı düzgündürsə, məcburən Mikrofonla qıldırırsa, ona uymaq səhih olar. İmam bidət əhlidirsə, onsuz da ona uymaq doğru olmaz.

Mikrofonla da qılınsa, mikrofonsuz da qılınsa, Cümə namazından sonra, “Vaxtına çatıb qılmadığım son zöhr namazının fərzini qılmağa” deyə niyyət edərək, zöhrü-axır namazını da mütləq qılmaq lazımdır. Hər hansı bir səbəblə Cümə namazı səhih olmayıbsa, bu namaz zöhr namazı yerinə keçər.


Səsucaldıcıdan gələn səs

Sual: “Səsucaldıcıdan çıxan səslər, imamın səsilə qarışdıqda, bu səslər imamın səsini batırarsa da; imamın öz səsinə niyyət edib amin deməyin bir zərəri olmaz” deyilir. İslam Əxlaqı kitabında isə, “Səsucaldıcıdan çıxan səs imamın səsi deyil, bu səsin bənzəridir. Bunu eşidənlər, imamın səsini deyil, bu səsə bənzəyən başqa bir səsi eşidirlər. İmamın səsinə uymayıb, başqa səsə uyanın və imamdan başqasının oxuduğu Fatihəyə amin deyənin namazı səhih olmaz” deyə yazılıb. Səsucaldıcıdan çıxan səsə imamın səsi deyə uymaq səhih olarmı?

 

CAVAB
İmamın tam arxasında durub, imamın öz səsini eşidiriksə, o zaman səhih olar. İmamdan uzaq olanlar səsə uyarsa, səhih olmaz. Səsə deyil, imama və ya imamı görən camaatın hərəkətlərinə uyularsa, namaz səhih olar. Səsucaldıcıdan çıxan səsə uyularsa, səhih olmaz. Bir nümunə verək:

100 manat pulunu faizə verən, bir müddət sonra 101 manat alsa, 101 manatın hamısı faiz olur. 1 manatı kasıba verərsə, digər hissəsi faizdən təmizlənmiş sayılmaz. (Məktubatı-Rəbbani)

Deməli, çox az bir faiz, bütün pulu çirkləndirir, harama çevirir. İçərisindən ayırmaq mümkün olmur. Bunun kimi, gurultulu mikrofon səsləri arasından, imamın öz səsini ayırmaq, eşitmək mümkün deyildir. İslam Əxlaqı kitabında da mikrofonla namaz qılınarkən, sadəcə səsucaldıcılardan gələn səslərin eşidildiyi bildirilməkdədir.


Karların taxdığı qulaqlıq

Sual: Mikrofona uyaraq namaz qılmaq caiz olmadığına görə karların imamın səsini qulaqlıqla eşitməsi caiz olurmu?

CAVAB
Karların qulaqlıq taxaraq eşitməsi, səsucaldıcıdan eşitməsi kimidir; lakin kar olanın, zərurət olduğu üçün, imamın səsini qulaqlıqla eşidərək qıldığı namazı səhih olur. İmamın və ya camaatın hərəkətlərini görərək qıldığı üçün də namazı səhih olmaqdadır. Namazı mikrofonla qıldırmaq isə heç vaxt zərurət deyildir. (İ. Əxlaqı)

Evdən imama uymaq

Sual: Qonşumuzun evi məscidə yaxın olduğu üçün məsciddən evə səsucaldıcı çəkib. Evdən məsciddəki imama uya bilərmi? TV-dən Məkkədəki imama da uymaq caizdirmi?
CAVAB
Bu şəkildə imama uymaq iki cəhətdən caiz olmaz:
1- İmama uymağa mane olan səbəblərdən birisi, imamla camaat arasında qayıq keçəcək qədər çay və ya maşın keçəcək qədər yol, yaxud səhrada qılarkən, arada iki sıralıq boşluq olmasıdır. Bir başqa səbəb, məscidin üstündə və ya xaricində qılanın, imamın və ya camaatdan birinin səslərini eşitməyə, yaxud imamın və ya camaatın hərəkətlərini görməyə mane olan böyük divarın olmasıdır. Məscidin üstündə və divarın arxasında qılanın, imamdan və ya camaatdan başqasına tabe olması caiz deyildir. Məscid qapıya qədər dolu deyildirsə, son sırayla arasında maşın keçəcək qədər məsafə yoxdursa, yenə səhih olar. Bundan çox məsafə varsa, imamın səsini eşitsə də, səhih olmaz. (Fətavayı-Hindiyyə)


Məscidə bitişik binanın üstündə və məscidə bitişik olmayan binalarda imama uymaq caiz deyildir. (Kadihan)


2- Birinci maddədəki mane olmasa da, səsucaldıcıdan gələn səsə uymaqla imama uyulmuş olmaz. Məkkədəki imamın səsi TV-dən gəlsə və özü də görünsə, yenə uymaq caiz olmaz, çünki imamın səsi səsucaldıcıya verildikdə, elektrik və maqnitın əmələ gətirdiyi bir səsə çevrilir. Bizim eşitdiyimiz səs, imamın səsi deyil, elektrik və maqnitin əmələ gətirdiyi səsdir. Yəni, səsucaldıcıdan çıxan səs elektromaqnit qüvvələrinin titrətdiyi dəmir lövhənin meydana gətirdiyi başqa bir səsdir. TV-dəki təsvirə imam deyə uymaqla, səsucaldıcıdan çıxan səsə imamın səsi deyə uymaq eynidir. Təsvir şəxsən imam olmadığı kimi, səs də birbaşa imamın səsi deyildir. Ona görə təsvirə və cihazdan çıxan səsə uymaqla imama uyulmuş sayılmaz.

Səsucaldıcıdan çıxan səsə qiraət deyil, səsin inikası deyilir. Buradan səcdə ayəsi eşidilsə, tilavət səcdəsi etmək lazım deyil. (Almalılı təfsiri c.3 s.2361)


Səsucaldıcıya uymaq

Sual: İmamın etiqadı düzgündürsə, məcburən mikrofonla qıldırırsa, o imama uyaraq namaz qılmaq səhihdirmi?

CAVAB
İmamı və ya onu görəni görəcək şəkildə, yaxud imamın öz səsini eşidəcək şəkildə durularsa, ancaq o zaman bu imama uymaq səhih olar. İmamı görən də görülmürsə, səsucaldıcıya tabe olunursa, səhih olmaz. İmamı görür deyə səsucaldıcıya uyanlara uymaq caiz deyildir.


Mikrofon xarab olarsa

Sual: Camaatla namaz qılarkən, mikrofon xarab oldu. İmam dərhal namazı pozub təmir etməyə çalışdı. Halbuki bir cərgə camaat var idi. İmama görə də, mikrofona ehtiyac yox idi. İmamın namazı pozması günah olmadımı?

CAVAB
Camaat çox olsa da, mikrofon xarab olsa, namazı pozmaq haramdır. Çünki mikrofonla namaz qıldırmaq fərz və ya vacib deyil, əksinə bidətdir. Namazı pozmaq isə böyük günahdır. Namazı pozmaq, ancaq yardım edin deyə bağıran bir adamı xilas etmək üçün, quyuya düşəcək koru, yanacaq, boğulacaq kəsi xilas etmək, yanğını söndürmək kimi səbəblərlə caiz olar.


Eyni və ya ayrı məkanda

Sual: S. Əbədiyyəni qəbul edən və güvənilən birinin, “Eyni məkanda olarsa, mikrofonla namaz qılmaq caiz, ayrı məkan olarsa, caiz olmaz” dediyini söylədilər. Görəsən bu doğru ola bilərmi?

CAVAB
Qətiyyən doğru ola bilməz. Çünki güvənilən kimsə, S. Əbədiyyəyə zidd danışmaz. Danışırsa, ya o, güvənilən biri deyil və ya ona iftira atılır. Çünki Tam Elmihalda deyilir ki:

Səsucaldıcının mikrofonuna söylənən söz də yox olub, başqa səs əmələ gəlir olur. Yəni, səsucaldıcının səsi danışanın səsinə çox bənzədiyi halda, birbaşa onun səsi deyildir. Torpağa atılan bir qarpız tumundan böyük bir qarpız əmələ gəlir. Bu qarpız o tum deyildir. Tum çürüyüb, yox olmuşdur. Səsucaldıcının mikrofonuna söylənən söz də yox olur, başqa səs əmələ gəlir. Müəzzinin səsi səsucaldıcıya verildikdə, elektrik və maqnitın əmələ gətirdiyi bir səsə çevrilir. Duyulan səs imamın, müəzzinin səsi deyil, elektrik və maqnitın əmələ gətirdiyi səsdir. İbadətləri mikrofonla etmək caiz deyildir. Mikrofonun sünnət olmadığı, bidət olduğu meydandadır. (S. Əbədiyyə)


Yenə S. Əbədiyyədə imama uymağın səhih olması üçün imamı görmək və ya görməsə də səsini eşitmək lazım olduğu bildirilir.


İmama uymağın səhih olması üçün, imamın və ya müəzzinin səsini eşitmək, yaxud onları görmək və ya camaatın hərəkətlərini görmək lazımdır. Eşitməyə, görməyə əlverişli pəncərəsi olmayan divar arada olmamalıdır. Səsucaldıcıdan çıxan səsin insan səsi olmadığını azan bəhsində bildirmişdik. Film pərdəsində, televizorda namaz qıldığı görülən imamın özü deyildir, bənzəridir (təsviridir). Buna uymaq caiz olmadığı kimi, bu səslərlə ibadət etmək da səhih olmaz. Bidət və böyük günah olar. (S. Əbədiyyə)

Ayrı məkanda olsa da, imamın səsi eşidilirsə, camaata uymağın səhih olduğu bildirilir. Əgər səsucaldıcıdan gələn səs mötəbər bir səs olsaydı, eşitməyə əlverişli pəncərəyə və divara ehtiyac qalmazdı. İmamın səsi duyulduğuna görə, eyni məkanda olsun, ayrı məkanda olsun nə fərqi var? Əsas olan səsin eşidilməsidir. Səsucaldıcıyla Amerikadan gələn səs də eşidilir. Demək ki, gələn səsin mötəbər olması lazımdır. Səsucaldıcıdan çıxan səsin imamın səsi olmadığı və mötəbər olmayan belə bir səslə imama uymağın səhih olmayacağı Tam Elmihalın müxtəlif yerlərində yazılıdır. Tam Elmihalı mənbə göstərib, ona zidd danışanlara etibar edilməməlidir.


В корзине: 0 шт.

на сумму: 0

Всего: 0

Оформить заказ Очистить корзину