Heyz elmi və xüsusi günlər dəftəri

Sual: Heyz və nifas məlumatlarını öyrənmək fərzdir?
CAVAB
Qadın, kişi fərqi yoxdur, hər müsəlmanın elmihal məlumatlarını öyrənməsi fərzdir. Buna görə də əri qadına öyrətməli, özü bilmirsə, bilən qadınlardan öyrənməsi üçün icazə verməlidir. Əri icazə verməyən qadın ondan icazəsiz gedib öyrənməlidir; çünki dəstəmaz, namaz, Qurani-kərim, oruc, həcc, yetkin olmaq, evlənmək, boşanmaq, iddət gözləmək kimi xüsuslar və ibadətlər üçün heyz elmini öyrənmək şərtdir.


Bir qız heyz görməyə başlayanda yetkin, yəni qadın olur. Heyz görməyən qız 15 yaşı tamam olanda yetkinliyə çatmış [baliğə] olur. 8 yaşını tamamlayan qıza anasının, anası yoxdursa, nənələrinin, bacılarının, bibilərinin və xalalarının heyz və nifas elmini öyrətmələri fərzdir. Öyrətməzlərsə, özləri və ərləri böyük günaha girər.


Heyz bilgisi o qədər çətin deyil. Çətin olsaydı, dinimiz alim və cahil hamının öyrənməsini əmr etməzdi. Təməl qaydaları öyrənilərsə, aydın olmayan bir şey qalmaz.

Buxarada Əhməd bin Hafs adında bir gənc evlənmişdi. İlk gecə qız ona “Heyz elmini öyrəndinmi?” dedi. “Xeyr” deyincə qız "Allahu-təala “Özünüzü və əmrinizdə olanları atəşdən qoruyun” buyurmuşdur. Cahil olan necə qoruya bilər?" dedi. Bu söz gəncə çox təsir etdi. Xanımını Allahu-təalaya əmanət edərək Mərvdə illərlə elm və təhsil alıb alim olaraq evinə döndü. Müəllimi ona Əbu Hafsi-kəbir adını qoydu.

Xüsusi günlər dəftəri
Bir qadının heyz və təmizlik zamanı çox vaxt hər ay eyni gün və sayda olur. Hər qadın öz heyz və təmizlik gün sayını, yəni adətlərini bilməlidir. Adətləri ümumiyyətlə dəyişməz. Dəyişsə, yeni adətlərini [heyz və təmizlik günlərini] əzbərləməli və hər ay xüsusi günlər dəftərinə və ya bir cədvələ ayın hansı günlərində təmiz, hansı günlərində qan gəldiyini yazmalıdır. Qəti şəkildə bu dəftərə və ya cədvələ laqeyd yanaşmamalıdır. Bir qadının heyzli və istihazəli olduğu bu dəftərdən aydın olur.


Heyzlə əlaqədar bəzi terminlər:
Heyz:
Aybaşı və ya reql.

Fasid qan: Heyz olmayan istihazə, yəni üzr olan qan.
İstihazə: Heyz olmayan qanlı günlər. Buna üzr də deyilir.
Fasid təmizlik: Qan görülmədiyi halda heyz qəbul edilən günlər.
Nifas: Zahılıq halı.
Ayisə: Heyzdən kəsilmiş yaşlı qadın deməkdir. Ayisə yaşı Hənbəlidə 50, Hənəfidə 55, Şəfiidə 60, Malikidə 70-dir. Bu yaşlardan sonra gələn qan heyz deyil, istihazədir.