Facebook Twitter WhatsApp

Qurani-kərim Allah kəlamıdır

Bağdad valisi Sirri paşa “Sirri-Furqan” kitabının İstanbulda [hicri 1312] də nəşr olunan birinci cild, üçüncü nəşri, yetmiş beşinci səhifəsində buyurur ki:

Bu kitabımı yazmadan bir il əvvəl Diyarı-Bəkr şəhərində, bir Cümə günü şəhərin məşhurları ilə oturmuşduq. Ərəb dilində və din bilgisində dərinliyi ilə tanınmış olan məşhur Kəldani keşişi Abdi Yəsu da aramızda idi. Qonağım olan Musul valisi Muhamməd Rəşid paşaya yanımdakıları təqdim edərkən Abdi Yəsu üçün də “Ərəb ədəbiyyatında çox dərindir” demişdim. Bunun üçün bəlağət üzərində çox söhbət edildi. Sonraları dildən, qövmçülüyə keçildi. Bu sırada vaxtilə Beyrutlu bir İsəvi ilə aramızda keçən bir söhbəti onlara danışdım: “Hər kəs öz qövmünün böyükləri ilə öyünür. Siz də Ərəb oğullarısınız. Sizdən soruşsalar ki, böyük dövlət qurmaq, elm, sənət və bəlağət baxımından ən böyük adamınız kimdir, nə cavab verərsiniz?”, soruşmuşdum. Beyrutlu Xristian da dərhal: “Muhamməd əleyhissalam deməyə məcburuq”, demişdi, dedim və Abdi Yəsuya dönərək, sizdən soruşsaydım, nə deyərdiniz, dedim.

Abdi Yəsu — Bəli, böyük dövlət qurmaq, mədəniyətə xidmət baxımından Ərəbin ən böyük, ən məşhur adamı Odur, deyərəm. Lakin, Muhamməd əleyhissalamın Ərəbin ən fasih danışanı olduğunu qəbul etmərəm. Çünki, bunu göstərəcək bir əsəri yoxdur. Quranı göstərsəniz, Quran Onun sözü deyildir deyirsiniz. Quranın çox fasih, çox bəliğ olması, Onun fasih və bəliğ olmasını göstərməz. Bəli, O, bəliğ və fasih idi. Ancaq, Onun kimi başqaları da vardı. Məsələn, Əlinin sözləri göstərir ki, o da Onun kimi fasih və bəliğ idi. İslamiyyətdən öncə Ümriül-Qays və Kus ibn Saidənin şöhrətlərini hamımız bilirik. Hətta, Kus ibn Saidənin xütbəsini Muhamməd əleyhissalam da bəyənmişdi”, dedi.

Bu sözü dinləyənlər bir-biri ilə danışmağa, səs-küy sezilməyə başladığı zaman ayağa qalxıb, hələ ki, kimsədən yardım istəmirəm. Lütfən rahat olun, dedim. Hər kəs susdu. Belə cavab verdim:

— İndi, din hissimizi, təəssübümüzü bir yana qoyub, elmi və ciddi danışaq! Qurani-kərim üçün siz nə deyirsiniz? Qurani-kərim kimin sözüdür?

A.Y. - Quranı Muhamməd (əleyhissalam) yoldaşları ilə hazırladı.

S.Paşa — Bir müddət bundan əvvəl valilik əmrim oxunduğu zaman siz Ərəbcə bir dua etmişdiniz. O duanı başqası yazıb sizə verdi desələr, susarsınızmı?

A.Y. — Susmaram, mən etdiyimi söyləyərəm.

S.P. — Nə üçün?

A.Y. — Çünki bu duanı mən hazırladım.

S.P. — Haqqınız var. Beş beytli bir qəzəl yazan kimsə belə bir beytinin oğurlandığını görsə, oğurlayanın cəzalanmasını istəyər. Hər kəs əsəri ilə öyünür, deyilmi?

A.Y. — Bəli.

S.P. — Sizin o duanızdan daha gözəli hazırlana bilərmi?

A.Y. — Bəli, hazırlana bilər.

S.P. — Sizin duanızla Qurani-kərim arasında fəsahət, bəlağət baxımlarından fərq vardırmı?

A.Y. — Əlbəttə, həm də çox.

S.P. — Ərəb ədibləri və dost-düşmən elm adamlarının çalışıb-vuruşaraq Qurani-kərim kimi söyləyə bilməmələri, Quranı yazanlar üçün böyük bir şərəf olmazmı?

A.Y. — Əlbəttə olar.

S.P. — Belə yüksək bir əsəri sahibi başqasına bağışlayarmı? Muhamməd əleyhissalam, “Bu Quran Allah kəlamıdır. İnanmırsınızsa, bir ayəsi qədər siz də söyləyin! Söyləyə bilməzsiniz!” deyərdi. O qədər düşmən olduqları, əl-ələ verib çalışdıqları halda söyləyə bilmədilər. Kimisi bəlağəti, yığcamlığı görür-görməz iman etdi. Kimisi, insan bunu söyləyə bilməz, deyərək istər-istəməz təsdiq etdi. Muhamməd əleyhissalam bunu bir neçə kimsə ilə birlikdə hazırlamış olsaydı, düşmənlər də bir araya gələrək onun kimi edə bilərdilər. Çünki, Müsəlmanlarda olduğu kimi, kafirlər arasında da, qüvvətli ədib, fasih kimsələr var idi. Sonra, bununla meydan oxuyarkən, malı, mülkü, vəzifəsi və höküməti yox idi ki, yardımçılarını bunlarla susdurduğu deyilsin. Qurani-kərim, Tövrat, Zəbur və İncil kimi toplu halda meydana qoyulmadı ki, “yardımçıları, bu əsərlərin belə qiymətli olacağını öncədən düşünə bilməmişdilər, sonradan peşman oldularsa da, iş işdən keçmişdi” deyilsin. Qurani-kərim yavaş-yavaş iyirmi üç il ərzində nazil oldu. Hər ayə gəldikcə hər kəs heyran qalırdı. Köməkçiləri olsaydı, nə qədər səbrli, fədakar olsalar da, öz əsərlərinin belə şan və şərəfini görüb heç iyirmi üç il səslərini çıxarmaz, susa bilərdilərmi?

A.Y. — Sözün doğrusu, Quranı Muhamməd (əleyhissalam) tək başına özü hazırlamışdır.

S.P. — Qurani-kərim sizcə necə bir əsərdir?

A.Y. — Çox fasih, çox da bəliğ, hikmət doludur.

S.P. — Deməli, bunu hazırlayan hakim olmalıdır.

A.Y. — Bəli.

S.P. — Deməli, Muhamməd əleyhissalam hakim idi.

A.Y. — Şübhəsiz hakim idi.

S.P. — Yalan söyləyən hakim olarmı?

A.Y. — Olmaz.

S.P. — Muhamməd əleyhissalamın hakim olduğunu söyləyirsiniz və hakim doğru söyləyər deyirsiniz. Onsuz da bütün Xristianların Onun doğru olduğunu bilməsi lazımdır. Çünki, Mardin kəndlərindən birində olan “Deyri Zəfəran” adındakı böyük kilsədə nəsaranın Ərəbcə yazılmış tarixi müqəddəs kitabından birində, “Muhamməd əleyhissalama peyğəmbərliyindən əvvəl hər kəs əmin olan Muhamməd deyərdi. Çünki, doğruluğu ilə məşhur idi” oxumuşdum. Budur, o doğru sözlü Muhamməd əleyhissalam bizə xəbər verdi ki, “Qurani-kərim insan sözü deyildir. Allah kəlamıdır”. Buna nə deyirsiniz? Xeyr, inanmaram desəniz, Onun hakim olduğuna da inanmamış olarsınız. Hakim idi sözündə durursunuzsa, Onun sözünə də inanmağınız lazımdır.

A.Y. — Doğrusunu istəyirsizsə, Muhamməd (əleyhissalam) Peyğəmbər idi. Ancaq yalnız Ərəblərin Peyğəmbəri idi.

S.P. — Təşəkkür edirəm. Şübhə buludları siyrilib, həqiqət işıqları parlamağa başladı. Hakim yalan söyləməz dediniz. Peyğəmbər heç yalan söyləyərmi? O heç söyləməz. Elə isə Muhamməd əleyhissalamın bütün insanlara, hər millətə Peyğəmbər olduğuna inanmağınız lazımdır. Çünki, O bizə; “Mən bütün insanların və Cinlərin hamısının Peyğəmbəriyəm” deyə xəbər verir. Buna nə deyirsiniz?

Bir neçə saniyə durduqdan sonra qalxıb getdi və bir daha yanıma gəlmədi.

“Hər kəsə Lazım Olan İman” kitabının “Müsəlmanlıq və Xristianlıq” və “Qurani-Kərim və İncillər” və “İslam Dini və digər dinlər” qisimlərində və “Cavab verə bilmədi” kitabında Xristianlıq dini barədə geniş bilgi vardır.

 

Quran Allah kəlamıdır

Sual: Bəzi dinsizlər, Quranı Rəsulullahın özünün yazdığını, Allah kəlamı olmadığını iddia edirlər. Bu mövzuda ayəti-kərimə yoxdurmu?

CAVAB

Ayəti-kərimə əlbəttə var, amma ateist ayətə inanmaz. Muhamməd əleyhissalam peyğəmbər olduğunu möcüzələrlə də isbat etmişdir. Bu möcüzələr söz birliyi ilə bu günə qədər gəlmişdir. Möcüzələrinin başında Qurani-kərim gəlir. Yəni, davam edən bir möcüzədir. Qurani-kərim çox aydındır. Heç kimsə Quran kimi söz söyləyə bilməz. Ərəbistanın məşhur şairləri və ədəbiyyatçıları çox çalışıb bənzərini söyləyə bilməmişlər. Bu mövzudakı ayəti-kərimə məallərindən bəziləri belədir:

“Özü uydurdu deyə inanmayanlar, buyursunlar, [Bu Quranın] bir bənzərini söyləsinlər!” [Tur 33, 34]

“De ki: Özümdən söylədiyimi sandığınız bu Quranın surələri kimi buyurun, on surə də siz söyləyin!” [Hud 13]

“Əgər qulumuza [Rəsuluma] endirdiyimizdən [Quranın Allahdan gəldiyindən] bir şübhəniz varsa, iddianızda doğrusunuzsa, Allahdan başqa şahidlərinizi [bütlərinizi, bilginlərinizi] də yardıma çağırıb, buyurun, onun bənzəri bir surə meydana gətirin! Bunu əsla bacarmazsınız.” [Bəqərə 23, 24]

“Quran, tayı-bənzəri olmayan bir kitabdır. Ona önündən, arxasından [heç bir yöndən, heç bir şəkildə] batil gələ bilməz [heç bir əlavə və çıxarma edilə bilməz. Çünki] O, kainatın həmd etdiyi, hökm və hikmət sahibi Allah tərəfindən endirilmişdir.” [Fussilət 41-42] (Quranı Allah endirdiyi üçün onu korlaya biləcək birinin çıxmayacağı açıqca bildirilir.)

“Rəbbinin sözü, doğruluq və ədalətlə tamamlandı. Onun sözlərini [Quranı] dəyişdirə biləcək [heç bir şey, heç bir qüvvət] yoxdur.” [Ənam 115]

“Quranı biz endirdik, əlbəttə yenə onu biz qoruyacağıq.” [Hicr 9]

“Əgər Quran Allahdan başqasından gəlmiş olsaydı, içində bir çox uyğunsuzluq [ziddiyyət] olardı. Bunu düşünə bilmirsiniz?” [Nisə 82]

“Quranı özündən uydurdumu deyirlər? De ki: O halda Allahdan qeyri çağıra bildiklərinizi [yardıma] çağırın və siz də onun kimi uydurulmuş on surə gətirin.” [Hud 13]

“Əgər o [peyğəmbər] bizə istinadən, [Qurana] bəzi sözlər qatsaydı, biz onu qüvvətlə yaxalayıb şah damarını qoparar, həlak edərdik, heç biriniz də buna əngəl ola bilməzdiniz.” [Haqqa 44-47]

“De ki: Bu Quranın bir bənzərini ortaya qoymaq üçün insanlar və cinlər toplanıb, bir-birinə dəstək də olsalar, and olsun ki, yenə də bənzərini ortaya qoya bilməzlər.” [İsra 88] (14 əsr keçdiyi halda, bir çox din düşməni, haşa Allahı yalançı çıxarmaq üçün çalışmışsa da bunu bacara bilmədilər.)

Qurani-kərim Rəsulullah əfəndimizin ən böyük möcüzəsidir. İçində bütün dünyada bu günə qədər hazırlanmış, mədəni qanunlara nümunə təşkil edəcək elmi və hüquqi əsaslar, qədim tarixə aid bir çox bilinməyən məlumatlar, insanlara verilə biləcək ən böyük əxlaq əsasları, nəsihətlər, dünya və axirət haqqında o zamana qədər heç bir kimsənin bilmədiyi, təsəvvür belə edə bilmədiyi xüsuslar vardır. Bunlar kimsənin söyləyə bilməyəcəyi bir ifadəylə bəyan edilmişdir. Müşriklər möcüzə istədikdə də məalən buyuruldu ki:

“Quran kimi [bənzərsiz] bir kitabı sənə endirməyimiz [möcüzə olaraq] yetməzmi?” [Ənkəbut 51]

“Bu, Allahın kitabı deyildir” deyə biləcəklərə qarşı da belə şübhələrə yer qoyulmamışdır. Allahü təala Rəsulunun belə bir kitab yazacaq qüdrətdə olmadığını və Quranı Özünün vəhy etdiyini qüvvətlə bildirməkdədir. Əsasən Rəsulunun, xüsusilə ümmi [oxumaq-yazmaq öyrənməmiş] olmasını və bu səbəbdən Quranın ancaq Allah tərəfindən vəhy edilə biləcəyinin anlaşılmasını istəmişdir. Bir ayəti-kərimə məali:

“[Ey Rəsulum, bu Quran sənə endirilmədən öncə] Sən bir kitabdan oxumuş və əlinlə onu yazmış deyildin. Əgər elə olsaydı batil sözə uyanlar şübhəyə düşərdilər. [Müşriklər, “Quranı başqasından öyrənmiş və ya öncəki səmavi kitablardan götürmüş” deyərlər, Yəhudilər də, “Onun vəsfi Tövratda ümmidir, bu isə ümmi deyil” deyərdilər.]” [Ənkəbut 48]

O zamanlar Ərəblər şeirə çox qiymət verirdi. Aralarında müxtəlif şairlər yetişdi. Bir-birləriylə şeirlə yarışırdılar. Qaliblər öyünərdilər. Qurani-kərimə bənzər qısa bir surə söyləyə bilmək üçün əl-ələ verdilər. Çox çalışdılar. Hazırladıqları şeirləri Muhamməd əleyhissalama aparacaqları zaman Qurani-kərimdən bir surə ilə qarşılaşdırdılar. Surədəki bəlağəti yaxşı anladıqları üçün öz sözlərindən özləri utandılar. Rəsulullaha apara bilmədilər. Bu zavallılıqları qarşısında elmlə qarşı çıxmaqdan imtina edib, kobudluğa baş vurmaqdan başqa çarə tapa bilmədilər. Qılınca əl atdılar. Müsəlmanlara hücum etməyə başladılar. Rəsulullahı öldürməyə qərar verdilər. Bunun üçün hazırladıqları planı həyata keçirməyə cəhd göstərsələr də, məğlub və rəzil oldular. Muhamməd əleyhissalamın belə meydan oxuması qarşısında və belə əl-ələ verərək çalışmaları sonunda, bir surə kimi vəciz, bəliğ bir söz söyləyə bilsəydilər, Rəsulullaha gələr, oxuyar, səs-küy salar, gurultu qoparardılar. Bu hərəkətləri dillərə yayılar, tarixlərə keçərdi. Bu müvəffəqiyyətsizlikləri, Qurani-kərimin möciz olduğunu, insan sözü olmadığını açıq-aydın göstərməkdədir.

Möciz, insanı aciz qoyan, eynisini etməkdə başqalarını əczə salan, qüdrətsiz qılan, kimsənin bacarmayacağı iş deməkdir. Möcüzə də eyni mənadadır.

Qurani-kərim nəzmi-ilahidir

Sual: Qurani-kərim üçün Peyğəmbərimizin sözü, yəni insan sözü deyənlər olur. Belə söyləyənlərə necə cavab verməliyik?

CAVAB: Qurani-kərim nəzmi-ilahidir. Nəzm lüğətdə inciləri sapa düzməyə deyilir. Kəlmələri də inci kimi yan-yana düzməyə nəzm deyilmişdir. Şeirlər bir nəzmdir. Qurani-kərimin kəlmələri Ərəbcədir. Lakin bu kəlmələri yan-yana düzən Allahü təaladır. Bu kəlmələr insan düzməsi deyildir. Muhamməd əleyhissalam Allahü təala tərəfindən mübarək qəlbinə bildirilən şeyləri Ərəbcə izah etsə, bu Qurani-kərim olmaz, bunlara Hədisi-qüdsi deyilir. Qurani-kərimdəki Ərəbcə kəlmələr Allahü təala tərəfindən düzülmüş, ayələr formasında gəlmişdir. Cəbrail əleyhissalam bu ayələri bu kəlmələrlə və bu hərflərlə oxumuş, Muhamməd əleyhissalam da mübarək qulaqları ilə eşidərək əzbərləmiş və dərhal Əshabına oxumuşdur. Allahü təala Qurani-kərimi Qüreyş qəbiləsinin dili ilə göndərdi. Rəddül-muxtarda buyurulur ki:

“Fəthül-qadir kitabında da deyildiyi kimi, Allahü təala Qurani-kərimi hərf və kəlmə olaraq göndərdi. Bu hərflər məxluqdur. Bu hərf və kəlmələrin mənası kəlamı-ilahini daşımaqdadır. Bu hərflərə, kəlmələrə Quran deyilir. Kəlamı-ilahini göstərən mənalar da Qurandır. Bu kəlamı-ilahi olan Quran məxluq, yaradılmış deyildir. Allahü təalanın başqa sifətləri kimi əzəli və əbədidir.”

Qurani-kərim, Qədr gecəsində enməyə başlamış və tam enməsi iyirmi üç il davam etmişdir. Tövrat, İncil və bütün kitablar isə hamısı birdən, bir dəfəyə enmişdir. Hamısı da insan sözünə bənzəyirdi və ləfzləri möcüzə deyildi. Ona görə də tez pozuldu, dəyişdirildi. Qurani-kərim isə Muhamməd əleyhissalamın möcüzələrinin ən böyüyüdür və insan sözünə bənzəməməkdədir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину