Facebook Twitter WhatsApp

Fatimə-tüz Zəhra

Peyğəmbərimizin ən sevgili kəriməsi (qızı).

Həzrəti Fatimə hicrətdən on üç il əvvəl, Məkkədə doğulmuşdur. Kiçik yaşında olmasına baxmayaraq Peyğəmbər əfəndimizə kömək edir və Qureyş kafirlərinin işgəncələrinə qarşı gəlirdi.

Abdullah ibni Məsud deyərdi ki:

“Rəsulullah əfəndimizin Qureyşə qarğış etdiyini əsla eşitmədim. Yalnız bir gün  Kəbə-şərif yanında namaz qılırdı. Əbu Cəhil öz adamlarıyla bir yerdə otururdular. O sırada bir kimsə gəlib ölmüş bir dəvə içalatını oraya atdı. Əbu Cəhil dedi ki:

— Bu qan ilə bulanmış içalatı kim aparıb Muhamməd səcdə edəndə belinə qoyar?

Fatiməyə xəbər verdi

            Onların içində ən çox bədbəxt Uqbə ibn Əbi Muayt bu pis işə girişib onu Peyğəmbərimiz səcdədə ikən üstünə qoydu. Rəsulullah əfəndimiz səcdədən qalxmadı. O  bədbəxtlər gülüşdülər. O qədər ki, gülməkdən bir-birlərinin üzərinə düşdülər.

İbni Məsud hadisəni danışmağa belə davam etdi:

“Mən uzaqdan baxırdım. Müşriklərin qorxusundan yanına gedə bilmədim. Nəhayət bir kimsə Həzrəti Fatiməyə xəbər verdi. Həzrəti Fatimə gəlib Rəsuli əkrəmin üzərindən onu qaldırdı. Bunları edənlərə ağır sözlər söylədi, qarğış etdi. Həzrəti Fatimə bu sırada kiçik bir qız idi.

Müşriklərin heç biri Həzrəti Fatiməyə cavab vermədi. Peyğəmbərimiz namazdan qalxanda bunların adlarını sayaraq üç dəfə buyurdu ki:

Ya Rəbbi! Qureyşdən bu üçünü sənə  həvalə edirəm.”

İbni Məsud buyurdu ki: “Allah haqqı üçün onları Bədir günü gördüm. Hamısını qətl edib, ayaqlarından sürüyərək Bədir quyusuna buraxdılar. Ümeyyə və Amrı isə parça-parça etdilər. Ammar  və Vəlidi çox faciəvi şəkildə öldürüb cəhənnəmə göndərdilər. “

Rəsulullah əfəndimiz Mədinə münəvvərəyə Allahu təalanın əmri ilə hicrət etdikdən sonra, xanımı Sevdə, qızları Ümmi Gülsüm və Həzrəti  Fatiməni gətirmələri üçün Əbu Rəfii ilə Zeyd ibn Harisəni Məkkəyə göndərdi. Onlara  500 dirhəm gümüş ilə iki dəvə verdi.

Əmrinə bağlıdır

            Zeyd ilə Əbu Rəfii Məkkəyə getdilər. Rəsulullahın qızları Ümmi Gülsüm, Həzrəti Fatimə, Sevdə, Zeyd zövcəsi Ümmi Eyməni və oğlu Üsaməni götürüb birlikdə Mədinəyə gəldilər.

Həzrəti Fatimə kiçik yaşda ikən anası Xədicə-tül Kübra vəfat etdiyi üçün Rəsulullah əfəndimiz onu yetkinlik yaşına qədər yanından ayırmadı. Onu ən yaxşı şəkildə yetişdirib, tərbiyə etdi.

Bir gün Həzrəti Fatimə bir xidmət üçün Rəsuli əkrəmin hüzuruna getmişdi. Rəsulullahın mübarək nəzərləri ilə qızını seyr edirdi. Evlənmə yaşına çatdığını müşahidə etdilər.

Ümmi Sələmə və Səlmandan rəvayət olunmuşdur ki; Həzrəti Fatimə buluğ çağına gəlincə  Qureyşdən çox kimsələr istədi. Rəsul əleyhissəlam  buyurdu ki:

— Onun işi, Haqq təalanın əmrinə bağlıdır.

Bir gün Həzrəti Əbu Bəkir, Həzrəti Ömər və Sad ibn Muaz məsciddə oturub; “Həzrəti Fatiməni Həzrəti Əlidən başqa hər kəs istədi. Kimsəyə iltifat olunmadı” deyə söhbət edirdilər. Həzrəti Siddiq dedi ki:

— Zənn edirəm ki, Əliyə  nəsib olar. Gəlin ziyarətinə gedək və məsələni açaq. Əgər kasıblığı səbəb gətirsə, kömək edək.

Sad ibn Muaz da dedi ki:

— Ya Əba Bəkir! Sən, həmişə xeyir iş görərsən. Qalx, biz də sənə yoldaş olaq.

Məni məmnun etdiniz

            Üçü birlikdə məsciddən çıxıb Həzrəti Əlinin evinə getdilər. Həzrəti Əli onları görüncə,  qarşılayıb hal və xətirlərini soruşdu. Həzrəti Əbu Bəkir dedi:

— Ya Əli! Hər xeyirli işdə sən öndərsən və Rəsuli əkrəm qatında heç kimsəyə nəsib olmamış bir mərtəbədəsən. Fatiməni hər kəs tələb etdi. Heç kimsəyə iltifat olunmadı. Sənə nəsib olacağını zənn edirik. Nə üçün təşəbbüs etmirsən?

Həzrəti Əli  bunu eşidəndə mübarək gözləri yaşla doldu və  dedi ki:

— Ya Əbu Bəkir! Məni çox məmnun etdiniz. Ona məndən daha çox rəğbət edən yoxdur. Ancaq əlimin darlığı buna maneədir.

Həzrəti Əbu Bəkir bunun üzərinə belə cavab verdi:

— Belə demə! Allahu təala və Rəsulunun yanında dünya bir şey deyildir. Buna kasıblıq mane ola bilməz. Get, Fatiməni istə!

Həzrəti Əli buyurdu ki:

“Rəsulullahın hüzuruna utanaraq və sıxılaraq girdim. Rəsulullahın bütün heybət və vüqarı üzərində idi. Hüzurunda oturdum və danışa bilmədim. Rəsulullah əfəndimiz buyurdu ki:

— Nə üçün gəldin, bir ehtiyacınmı var?

Susdum. Rəsulullah əfəndimiz:

— Hər halda Fatiməni istəməyə gəldin” buyurunca; “Bəli” deyə bildim.

Peyğəmbər əfəndimiz Həzrəti Fatiməyə Həzrəti Əlinin onu istədiyini eşitdirdi. O da susdu. Peyğəmbər əfəndimiz buyurdular ki:

— Fatiməyə mehr olaraq verəcək nəyin var?

— Ya Rəsulallah! Mənim halımı sizdən yaxşı kimsə bilməz. Bir qılıncım, bir də dəvəm vardır. Başqa bir şeyim yoxdur.

Mehr olaraq kafidir

Rəsulullah əfəndimiz təkrar etdilər:

— Qılıncın hərbə lazımdır. Dəvə miniyindir. Sənə verdiyim Hutamə zirəhli köynəyin haradadır?

— Yanımdadır.

— Onu sat və pulunu mənə gətir!  Mehr olaraq o kafidir.”

Bunun üzərinə Həzrəti Əli zirehini satması üçün birinə verdi. Verdiyi kimsə bazarda satarkən Həzrəti Osman əfəndimiz zirehi tanıyaraq 400 dirhəmə satın aldı. Yanına da 400 dirhəm daha qoyaraq:

— Bu zireh sizdən başqasına layiq deyil”  deyərək Həzrəti Əliyə geri göndərdi. Həzrəti Əli bu pul ilə toy hazırlıqlarına başladı.

Peyğəmbər əfəndimiz sevgili qızı Həzrəti Fatimənin toy vaxtı yaxınlaşdığında, “Əgər anası həyatda olsaydı,  indi onun cehizini hazırlayardı” deyə düşündü. Bu düşüncədə ikən Cəbrayıl əleyhissəlam gəlib dedi ki:

— Ya Rəsulallah! Haqq təala sənə salam edir. “Heç narahat olmasın. Qızı Fatimənin bütün ehtiyaclarını, cehizini mən təmin edəcəyəm” buyurdu.

Haqq təalanın əmri necədir?

Peyğəmbər əfəndimiz bu sözləri eşidincə şükür səcdəsi etdi. Daha sonra Cəbrayıl əleyhissəlam əlində üzəri bir boğça ilə örtülü qızıl nimçə və yanında min mələklə gəldi.  Mikayıl, İsrafil, Əzrail əleyhissəlam da eyni şəkildə gəlmişdilər. Bunların hərəsinin əlində də qızıl nimçə vardı.

Peyğəmbər əfəndimiz bunları görüncə soruşdu:

— Ey qardaşım Cəbrayıl! Haqq təalanın əmri  necədir? Bu qızıl nimçələr nədir?

Cəbrayıl əleyhissəlam belə cavab verdi:

— Ey Allahın Rəsulu! Allahu təala sənə salam edir. “Həbibimin qızı Fatiməni, Əliyə mən verdim. Ərşi əzamda nikah etdim. Həbibim də əshabı arasında nikah etsin! Nimçələrin birində cənnət paltarları vardır. Onu Fatiməyə geydirsin. Digər nimçələrdə cənnət  yeməkləri vardır. Onlar ilə də əshabına ziyafət versin!” buyurdu.

Rəsuli əkrəm əfəndimiz bu müjdəni eşidincə, yenə şükür səcdəsi etdi. Sonra dörd yüz dirhəm mehr ilə kəbin ediləcəkdi. Xəbərçilər Həzrəti Fatiməyə müjdəni apardılar. Ancaq O, razı olmadı.

Bunun üzərinə Cəbrayıl əleyhissəlam gəlib dedi ki:

— Ya Rəsulallah! Allahu təala, “Fatimə dörd yüz dinara razı olmursa, dörd min dinar olsun!” buyurdu.

Həzrəti Fatiməyə bunu xəbər verdilər. O yenə razı olmadı.

Şəfaət etmək istəyirəm

            Peyğəmbər əfəndimiz qızının əsas məqsədinin nə olduğunu öyrənmək üçün yanına getdi. Əsas məqsədinin nə olduğunu soruşdu. Həzrəti Fatimə dedi ki:

— Atacan, mən dünyalıq bir şey istəmirəm. Mənim məqsədim dünya deyildir. Mənim istəklərim axirət ilə əlaqədardır. Sən axirətdə ümmətindən günahkarlara şəfaət edəcəksən. Mən də  ümmətindən günahkar qadınlara şəfaət etmək istəyirəm, istəyim budur. Bu istəyim qəbul edilsə, razı olaram.

Peyğəmbər əfəndimiz bu istəyini Cəbrayıl əleyhissəlama  bildirdi. Cəbrayıl əleyhissəlam Həzrəti Fatimənin arzusunun qəbul edildiyini, axirətdə ayrıca onun da şəfaət edəcəyini bildirdi.

Peyğəmbər əfəndimiz gəlib bu xəbəri sevgili qızına bildirdi. Həzrəti Fatimə dedi ki:

— Atacan, sənin şəfaət edəcəyinə  dair Qurani-kərimdə ayələr vardır. Mənim şəfaət edəcəyimə dair dəlil nədir?

Peyğəmbər əfəndimiz vəziyyəti Cəbrayıl əleyhissəlama yenidən bildirdi. Bunun üzərinə  Cəbrayıl əleyhissəlam ağ bir ipək gətirdi. İpəyin üzərində belə yazırdı:

“Qiyamət günü mömin qadınlara Fatimə qulumu şəfaətçi təyin etdim. Bu dəlil əlində baqi qalsın”.

Həzrəti Fatimənin şəfaətinə icazə verildikdən sonra Peyğəmbərimiz Həzrəti Bilala xitab edib  mühacirin və ənsarın toplanmasını əmr etdi. Cümləsi məscidi-şərifdə toplandılar. Peyğəmbərimiz minbərə çıxdı. Həmd və səna eylədikdən sonra mühacir və ənsara xitabən  buyurdu ki:

— Ey müsəlmanlar,  bilin ki, qardaşım Cəbrayıl gəlib,  Haqq təalanın mələkləri  toplayıb, “Fatimə binti Muhammədi, qulum Əli ibn Əbi Talibə verdim və əqd etdim”  buyurduğunu xəbər verdi. Mənə də əmr etmiş ki, Əshabım arasında bu əqdi təcdid edib, şahidlər hüzurunda əqdi  kəbin edim.

Mən də razı oldum

Sonra Həzrəti Əliyə dönüb buyurdu ki:

— Ya Əli! Qalx, kəbin xütbəni yerinə yetir!

Həzrəti Əli qalxıb Peyğəmbər əfəndimizin önünə gəldi. Haqq təalaya həmd və səna etdi.  Həbibi Rabbil aləminə salavat gətirdi. Sonra Habibullaha işarə ilə dedi ki:

— Rəsulullah əfəndimiz qızı Fatiməni mənə həyat yoldaşı etdi. Mən də buna razı oldum. Sizlər də bu kəbinə şahid olun.

Əshabı-kiram buyurdular ki:

— Ya Rəsulallah! Bu şəkildə həyat yoldaşı buyurduğunuza biz şahid olaqmı?

Peyğəmbərimiz buyurdu ki:

— Bəli şahid olun

Ətrafdan, “Allahu təala mübarək etsin” dedilər. Sonra Rəsulullah otağına gəldi. Həzrəti Əbu Bəkirə bir az pul verib cehiz üçün bir şeylər almaq üçün göndərdi. Səlman ilə Bilalı da çağırıb buyurdu ki:

— Daşınacaq bir şey olarsa siz daşıyın.

Həzrəti Əbu Bəkir buyurdu ki:

“Çölə çıxdım. Pulu saydım. Üç yüz altmış dirhəm gəldi. Həzrəti Fatimənin cehizini o pul ilə aldım. İçi yun dolu bir döşək aldım. İçi xurma lifiylə dolu bir yastıq, torpaqdan bir neçə qab aldım. Rəsul əleyhissəlama gətirdim. Görüncə mübarək gözlərindən yaşlar axdı və, “Ya Rəbbi! Ən yaxşı qabları torpaq çanaq olan bu qullarına bərəkət ver” deyə dua etdilər.

Nə  yaxşı xanımdır

            Həzrəti Əli buyurdu ki:

“Bunun üzərindən bir ay keçdi. Bu barədə məclisdə heç danışılmadı. Mən də  utandığımdan ağzımı aça bilmədim. Ancaq, bəzən məni tək gördüklərində buyurardılar ki:

— Sənin xanımın nə yaxşı xanımdır. Sənə müjdələr olsun ki, O, aləmdəki xanımların əfəndisidir.

Bir aydan sonra Həzrəti Əlinin yaxınları dedilər ki:

— Ya Əli! Bu kəbin ilə çox sevindik. Kaş ki,  bir də toy nəsib olsaydı.

Həzrəti Əli də onlara, “Mənim də istəyim odur, ancaq söyləməkdən utanaram” deyə cavab verdi.

Buna görə Ümmi Əyməndən vasitəçilik etməsini istədilər. O da vəziyyəti Peyğəmbər əfəndimizin xanımlarına söylədi.

Peyğəmbər əfəndimizin zövcələrinin vəziyyəti Rəsulullaha ərz etmələrindən sonra  Peyğəmbər əfəndimiz Həzrəti Əlini çağıraraq buyurdu ki:

— Zövcəni istəyirsən ya Əli?

Həzrəti Əli də belə cavab verdi:

— Bəli ya Rəsulallah! Anam və atam  sənə fəda olsun.

Rəsuli-əkrəm əfəndimiz əmr buyurdu. Həzrəti Fatimənin cehizini hazırladılar. Həzrəti Əliyə bir miqdar pul verib xurma və yağ almasını söylədi. Həzrəti Əli bunları gətirincə  xurma, yağ və qatığı qarışdırıb yemək hazırladı və əshabı kirama toy yeməyi olaraq yedirdi.

Evimdən çıxıb gedirsən

            Yeməkdən sonra Rəsulullah əfəndimiz, bir əliylə Həzrəti Əlini və digər əliylə də Həzrəti Fatiməni tutaraq, evlərinə apardı.  Fatiməni sinəsinə basdı.

Peyğəmbər əfəndimiz Həzrəti Fatiməyə toy günü belə nəsihət etdi:

— Qızım, evimizdən çıxıb, başqa evə, ülfət etmədiyin bir kimsəyə gedirsən. Sən ərinə yer ol ki, o sənə göy olsun! Sən ona xidmətçi ol ki, o sənə kölə olsun! Ərinə yumşaq davran!  Hirsli hallarında səssizcə yanından çəkil. Hirsi keçənə qədər ona görünmə!

Ağzını və qulağını mühafizə et! Ərin sənə pis söyləsə, söylədiklərini eşitmə və əsla cavab vermə! Ona qarşı gəlmə! Daim səndən gözəl söz eşitsin, gülər üz görsün. Bu surətlə sənə yaxşı nəzərlə baxsın.

Sonra alnından öpdü. Həzrəti Əliyə təslim etdi və “Zövcən yaxşı  zövcədir” buyurdu.  Hər ikisini Haqq təalaya ismarladı. Sonra mübarək əli ilə qapının iki qanadını tutub, bərəkət ilə dua etdi və çıxıb getdi.

Bir miqdar qalsın

            Həzrəti Əli buyurdu ki:

“Rəsulullahın evimizə təşrif etdiyi gün toydan dörd gün keçmişdi. Bizimlə söhbət etdi. Sonra  mənə dedi ki:

— Ya Əli! Su gətir!

Qalxdım su gətirdim. Bir ayəti-kərimə oxudu və buyurdu ki:

— Bu sudan bir az iç! Bir miqdar qalsın!

Elə etdim. Qalan suyu başıma və sinəmə səpdi. Təkrar, “Su gətir”  buyurdu. Yenə su gətirdim. Mənə etdiyi kimi Həzrəti Fatiməyə də etdi.  Sonra məni çölə göndərdi.  Fatiməyə nəsihət etdikdən sonra, məni dəvət etdi. Mənə də Fatiməni  ismarlayaraq buyurdu ki:

— Ya Əli!  Fatimənin xatirinə  riayət et! O məndən bir parçadır. Onu xoş tut! Əgər onu üzərsən, məni üzmüş olarsan.

Sonra, ikimizi də Allahu təalaya ismarladı. Rəsulullahın nəsli Həzrəti Fatimədən davam etdi. Peyğəmbərimizdən 6 ay sonra vəfat etdi.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину