Facebook Twitter WhatsApp

Həzrəti İmam Musa Kazım (radıyallahu anh)

        İmam Cəfəri Sadıq (radıyallahü anh) həzrətlərinin oğludur. On iki imamın yeddincisidir.  Künyəsi Əbül Həsən və Əbü İbrahimdir. On iki imamın başqa künyələri də deyilmişdir. Ləqəbi Kazımdır. Çox hilm sahibi, son dərəcə mülayim xasiyyətli olması və özünə pislik edənlərə hirslənməyib bağışlaması, qəzəbinə hakim olması səbəbi ilə bu ləqəb verilmişdir. Anası Hüməydəi  Bərbəriyə olub cariyə idi. Məkkə ilə Mədinə arasında olan Əbva kəndində hicrətin 128-ci ilində Səfər ayının iyirmi üçündə bazar günü doğuldu.

     Onları Mədinədən Bağdada ilk aparan xəlifə Mehdi ibn Mənsurdur. Bağdada aparanda həbs etdi. İmam Musa Kazım (radiyallahü anh) həzrətləri həbsdə ikən  Mehdi ibn Mənsur bir gecə yuxusunda Həzrəti Əlini (radiyallahü anh) gördü.  Həzrəti Əli ona məali-şərifi “Demək sizlər iş başına gələcək olarsanız yer üzündə fəsad törədib, qohumluq bağlarını da qoparacaqsınız! Eləmi?” olan Muhamməd surəsinin iyirmi ikinci ayəti-kəriməsini oxudu.

       Xəlifə Mehdinin vəziri Rəbi belə anlatmışdır: “Mehdi məni çağırdı, yanına girincə baxdım, bu ayəti-kəriməni xoş bir səslə oxuyurdu. Mənə, dərhal get Musa ibn Cəfəri (radıyallahü anh) buraya gətir, dedi. Gətirdiyi zaman onunla qucaqlaşdı, yanında oturtdu. Sonra yuxusunu anlatdı və “mənə və oğullarıma qarşı gəlməyəcəyinizdən məni əmin edə bilərsiniz?, dedi. Musa Kazım (radıyallahu anh) həzrətləri, vallah mən belə bir iş etmərəm və belə etməyi şanıma yaraşdırmaram, dedi. Mehdi, doğru söyləyirsən, dedi. Sonra mənə dönüb, bunlara min qızıl ver və yol hazırlıqlarını gör, Mədinəyə  getsinlər, dedi. Dərhal hazırlığı edib bir maneə çıxmasından qorxaraq onları gecə yola saldım”.

     İmam Musa Kazım (radıyallahu anh) xəlifə Harun Rəşid zamanına qədər Mədinədə iqamət etdi.  Harun Rəşid xəlifə olunca onları Bağdada gətirtdirib həbs etdi.  Hicrətin 180-ci ilində Rəcəb ayının iyirmi beşinci cümə günü Bağdadda həbsdə ikən vəfat etdi. Mübarək qəbri Bağdaddadır. Yəhya ibn Xalib Bermekinin, Harun Rəşidin əmri ilə Musa Kazım həzrətlərini şəhid etmək üçün xurma içində zəhər verdiyini söyləyərlər. Zəhər verildiyi gün Musa Kazım həzrətləri, “Bu gün mənə zəhər verdilər, sabah bədənim saralacaq, sonra bədənimin yarısı qızaracaq, sabahısı gün də qara olacaqdır, o vaxt vəfat edərəm”, buyurmuşdu. Söylədiyi kimi eynilə oldu. Fəzilətləri, kəramətləri və rəvayətləri çoxdur. O vaxtın abidləri, kərim və seçilmiş kimsələri ondan çox kəramət və  xariqüladə hallar zühur etmişdir, demişdirlər.

      Mötəbər kitablarda Şaqiqi Bəlhi (quddisə sirruh) həzrətləri belə anlatmışdır:  “Həccə gedirdim. Farisiyəyə baş çəkdim. Orada gözəl üzlü, buğda bənizli, yun libas geyinmiş, başı sarıqlı və ayaqlarında nalin olan bir gənc gördüm.  İnsanlardan ayrı bir yerdə tək otururdu. Öz-özümə, deyəsən bu sufilərdəndir. Hər halda bu yolda müsəlmanlara yük olmaq istəyir.  Gedib ona bir az məzəmmət edim, dedim. Yanına yaxınlaşınca mənə; “Ey Şəqiq!”, deyə adımla xitab edərək məali şərifi “Ey iman edənlər, zəndən çox çəkinin, çünki zənnin bir qismi günahdır” olan Husurat surəsinin on ikinci ayəsini oxudu. Sonra qalxıb bir tərəfə doğru getdi. Öz-özümə, “Bu şəxsin saleh bir kimsə olması lazımdır. Adımı və qəlbimdən keçəni bildi, dedim.  Halallaşmaz üçün arxasından getdim. Nə qədər sürətli getsəm də ona çata bilmədim. Başqa bir yerə çatanda onu yenə gördüm. Namaz  qılırdı və bütün üzvləri titrəyirdi. Gözlərindən yaşlar axırdı. Namazını bitirən kimi gedib halallaşım, deyə gözlədim.  Namazını bitirən kimi yanına yaxınlaşdım. Mənə, “Ey Şəqiq!” deyərək məali-şərifi “Həqiqətən mən tövbə edəni, inanıb faydalı iş işləyərək doğru yola girəni bağışlayaram” olan Taha surəsinin səksən ikinci ayəti-kəriməsini oxudu. Sonra məni buraxıb oradan uzaqlaşdı. Öz-özümə, “Bu gənc əbdallardan olmalı, ikinci dəfə adımı və ürəyimdən keçəni bildi, dedim.  Daha sonra onu başqa bir yerdə yenə gördüm. Bir quyunun başında qısa bir ipli bir vedrə ilə su çıxartmaq istəyirdi. Vedrəsi quyuya düşdü. Əllərini qldırıb, “Allahım, sən mənim Rabbimsən, susadığım və yemək istədiyim vaxt qüvvət verən sənsən. Allahım, səndən başqa onları mənə ehsan edəcək yoxdur. Mənə su və yemək ehsan et” deyə dua etdi. Quyunun suyu yüksəldi. Əlini uzadıb vedrəsinə su doldurdu. Dəstəmaz alıb dörd rükət namaz qıldı. Sonra bir qum təpəsinə doğru gedib əliylə vedrəsinə bir az qum qoydu və çalxalayıb içdi. Yanına yaxınlaşıb salam verdim, salamımın  aldı. “Allahü təalanın sənə ehsan etdiyi nemətlərdən mənə də yedir” dedim. “Allahü təalanın nemetləri bizə gizli və açıq olaraq hər zaman gəlir. Allahü təalaya hüsnü-zənn et” dedi və vedrəsini mənə verdi.  İçində  qovurulmuş buğda və şəkər vardı. Ondan içdim və doydum. Ondan daha ləzzətli bir şey içməmişdim. Məkkəyə çatana qədər onu bir daha görmədim. Məkkədə bir gecə yarısı onu gördüm. Namaz qılırdı. Tam bir huşu ilə inləyib ağlayırdı. Bütün gecə belə davam etdi. Sübh namazı vaxtı gəlincə, sübh namazını qılıb Kəbəni təvaf etdi və çölə çıxdı. Mən də arxasından getdim.  Baxdım ki, arxasında xidmətçiləri vardı, insanlar ətrafında toplandılar. “Bu şəxs kimdir?” deyə soruşdum. “Musa Kazım ibn Cəfər ibn Muhamməd ibn Əli ibn Hüseyn ibn Əli ibn Əbi Talibdir” (radıyallahü anhüm əcmain) dedilər. Yolda bu şəxsdən bir neçə əcaib hallar gördüm, dedim. “Bu hallar bu seyid üçün əcaib və qəribə deyildir” dedilər.

         Harun Rəşid, Əli ibn Yakdinə gözəl paltarlar vermişdi. Bu paltarlar arasında qara ibrişimlə toxunmuş, qızıl zərli, çox gözəl paltar vardı. Əli ibn Yakdin Musa Kazım həzrətlərini çox sevdiyi üçün paltarların yanına bir miqdar daha hədiyyələr qoyaraq, hamısını ona göndərdi. Musa Kazım o gözəl köynəkdən başqa bütöv hədiyyələri qəbul etdi. O köynəyi geri göndərib saxlamasını və bir gün lazım olacağını söylədi.

         Əli ibn Yakdin bir gün kölələrindən birinə qəzəblənib qovdu. O kölə Harun Rəşidə gedib, “Əfəndim, Əli ibn Yakdin, Musa Kazım həzrətlərini imam etmişdir. Ona çox mal göndərib. Hətta sənin göndərdiyin ibrişimli  qızıl zərli köynəyi belə ona verdi” dedi. Harun Rəşid bu xəbərə qəzəblənib Əli ibn Yakdini yanına çağırtdı. “Sənə verdiyim köynəyi nə etdin?” deyə soruşdu.  Əli ibn Yakdin, “o köynək məndədir” dedi.  Harun Rəşid, “onu dərhal mənə qaytar” dedi. Əli ibn Yakdin bir köləsini çağırıb, “Mənim sarayımda filan otağa get. Açarını filan nökərdən istə. O otaqda bir sandıq vardır, qapağını aç, içində möhürlü bir qutu görəcəksən. O qutunu bura gətir”, dedi. Nökəri dərhal gedib qutunu gətirdi. Qutunu açıb içində o köynəyi gördülər. Gözəl qoxular gəlirdi. Harun Rəşid bu vəziyyəti görüncə hirsi yatdı. Əli ibn Yakdinə, “Bu köynəyi yerinə qoy, xətrini xoş tut, bundan sonra sənin haqqında deyilən sözlərə əhəmiyyət vermərəm” dedi.

         İmamı Musa Kazım həzrətlərini sevənlərindən biri belə anlatmışdır; Xəlifə  Məhdi, İmamı Musa Kazım həzrətlərini Bağdada ilk dəfə çağarıbdı. Musa Kazım həzrətləri mənə yol hazırlığı üçün bazardan bəzi ehtiyac olan şeyləri almağımı söylədi. Üzümə baxıb, “Səni çox qəmli və kədərli görürəm, nə olub?”, deyə soruşdu. Mən də, “Necə kədərlənməyim ki, bir zalımın yanına gedirsiniz. Aqibətinizin nə olacağı məlum deyil”, dedim. Mənə, “Heç qorxma, filan ayda filan gün qayıdacağam. Axşam vaxtında məni gözləyərsən” buyurdu. Ay və günləri sayırdım. İşarə buyurduğu gün olmuş və günəş batmasına az bir zaman qalmışdı. Kimsənin gəldiyini görə bilmirdim. Şeytan ağılıma vəsvəsə saldı. Qəlbimdə bir şübhə oyanmasından qorxurdum. Məni böyük bir iztirab örtdü. O sırada İraq tərəfindən yolda bir kölgə gördüm. Musa Kazım həzrətləri bir qatıra minmiş gəlirdi. Mənə, “Ey filan!” deyə səsləndi. “Buyurun ey Rəsulullahın övladı əfəndim” dedim. “Az qala ürəyinə sübhə düşürdü, deyilmi?”, buyurdu. “Bəli, elə olacaqdı” dedim. “Əlhamdülillah! O zalımdan salamatlıqla xilas olduq. Məni bir dəfə daha  aparacaqlar, o vaxt xilas ola bilməyəcəyəm” buyurdu.

         Bir şəxs belə anlatmışdır: “Mədinədə mühacir olaraq qalırdım və kirayəlik bir evdə otururdum. Musa Kazım həzrətlərinin söhbətlərinə davam edirdim. Bir gün çox şiddətli yağış yağdı. Ehram bağlanıb, Musa Kazım həzrətlərinin məclisinə getdim. Salam verdim, salamımı aldı və mənə, “Ey filan! Evin əşyaların üzərinə yıxılmışdır” buyurdu. Dərhal evə  getdim. Buyurduğu kimi ev yıxılmışdı. Əşyalarımı dağıntı altından çıxarmaq üçün fəhlə tutdum. Bütöv əşyamı çıxardılar. Yalnız bir aftafam çıxmadı. Səhər olanda Musa Kazım həzrətlərinin hüzuruna getdim. “İtən əşyan varmı?” deyə soruşdu. “Yalnız dəstəmaz aldığım bir aftafa itib”, dedim. Mübarək başını əyib bir müddət sonra qaldırdı. “Elə zənn edirəm ki, sən onu bir yerdə unutdun, get ev sahibi cariyəndən soruş. Aftafanı sən almışsan, onu mənə  qaytar, deyə söylə. Gətirəcəkdir” buyurdu. Qayıdıb nökərin yanına getdim. “ Aftafanı ayaq yolunda unutmuşam, sən almışdın, onu gətir, dəstəmaz alım”, dedim. Gedib dərhal gətirdi.

         Yenə bir şəxs belə anlatmışdır: “Musa Kazım həzrətlərini Basraya apardıqları zaman Mədain yaxınlığında gəmiyə birlikdə mindik. Bizim arxamızda başqa bir gəmi də vardı. O gəmidə gəlin apardıqları üçün çox səs-küy vardı. Mənə, bu insanlar nə edir, deyə soruşdu. Gəlin aparırlar, dedim. Bir müddət sonra o gəmidən qışqırış  səsləri duyduq. Musa Kazım həzrətləri, bu  fəryad nədir, deyə soruşdu. Gəlin dənizdən bir ovuc su almaq istəyərkən qızıl bilərziyini suya salıb. Onun üçün qışqırışırlar, dedim. Musa Kazım həzrətləri gəminin dayandırılmasını istədi. Gəmilər dayandığı zaman kənara yaxınlaşıb bir şeylər oxudu. Sonra, onların kapitanına söyləyin suya girsin və bilərziyi çıxartsın, buyurdu. Bir deə baxdıq ki, bilərzik suyun  üzündə idi. Kapitan suya girib bilərziyi çıxardı.

         Bir şəxs belə anlatmışdır: “Dostlardan biri yüz qızıl verərək İmam Musa Kazım həzrətlərinə aparmağımı istədi. Bir miqdar da mənim qızılım vardı. Mədinəyə çatanda əvvəl qüsl etdim, öz qızılımı və o şəxsin verdiyi qızılları yudum, üzərlərinə müşk ətri vurdum.  O şəxsin qızıllarını saydım doxsan doqquz idi. Bir daha saydım yenə doxsan doqquz çıxdı. Bir qızıl da öz qızıllarımdan əlavə edərək kisəsinə qoydum. Gecə Musa Kazım həzrətlərinin evinə getdim. Canım sizə fəda olsun. Bir miqdar hədiyyəm vardır. Onunla Allahü təalaya yaxın olmaq istəyərəm, dedi. Gətir, buyurdu. Əvvəl öz qızıllarımı önünə qoydum. Sonra, filan dostunuz da mənimlə sizə hədiyyə göndərib, dedim. Gətir, buyurdu. Kisəni hüzuruna qoydum. Kisənin içindəkiləri yerə tök, buyurdu. Tökdüm. Mübarək əliylə o qızılları dağıtdı və mənim qoyduğum bir qızılı ayırdı. O kimsə bu qızılları say olaraq deyil, ağırlıq olaraq  hesab etmişdir, buyurdu.

         Bir şəxs belə anlatmışdır: “Əli ibn Yakdin ilə bir kimsə mənə, Kufəyə get, filan kimsə ilə yol yoldaşı ol, iki heyvan alın və bu hədiyyələri və məktubları Musa Kazım həzrətlərinə aparın, dedilər.  Kufəyə gedib, deyilən kimsəni tapdım. İki qoyun satın alıb yola çıxdıq. Mədinə yaxınlarında bir yerdə qaldıq. Yemək yeyirdik. O sırada Musa Kazım həzrətlərini gördük. Bir qatıra üstündə gəlirdi.  Ayağa qalxıb salam verdik. Yanınızda olanları gətirin, buyurdu. Apardıq və məktubları da verdik. Bir neçə məktub çıxarıb, bunlar gətirdiyiniz məktubların cavablarıdır. Qayıdın. Allahü təalaya əmanət olun, buyurdu. Biz, yeməyimiz qalmadı. Mədinəyə az bir məsafə var. İcazə versəniz Mədinəyə gedib Rəsullulahı ziyarət edək və yemək alıb qayıdaq, dedik. Bizə, yediyinizdən artıq bir şey varmı?, buyurdu. Vardır, deyib qalanları gətirdik. Mübarək əli ilə onlara toxundu və bu sizə Kufəyə qədər yetər. Allahü təala sizi qorusun. Qayıdın, buyurdu. Qayıtdıq. O yemək bizə Kufəyə qədər bəs elədi.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину