Facebook Twitter WhatsApp

Seyid Abdülqadir Qeylani Həzrətləri

         Böyük İslam alimlərindən və övliyanın məşhurlarındandır. Künyəsi Əbu Muhamməddir. Muhyiddin, Qavs-ül-Azam, Qütbü-Rəbbani, Sultan-ul-Övliya, Qütbü-Azam kimi ləqəbləri vardır.       

         İranın Qeylan şəhərində 1078-ci ildə (Hicri 471) doğuldu. Atası Əbu Saleh ibn Musa Cəngidostdur. Həzrəti Həsənin oğlu Həsəni Müsənnanın oğlu Abdullahın nəslindəndir. Anasının adı Fatimə, ləqəbi Ümm-ül-xeyir olub seyidədir. Bunun üçün Qeylani həzrətləri həm seyid, həm də şərifdir. 1166-cı ildə (Hicri 561) Bağdadda vəfat etdi. Türbəsi Bağdaddadır.

         Əhli-sünnət etiqadını və din bilgilərini hər tərəfə yaydı. Fiqh və hədis elmlərində müctəhid idi. Əvvəldən Şafi məzhəbində idi. Hənbəli məzhəbi unudulmasın deyə  Hənbəli məzhəbinə keçdi. Beləcə bu məzhəb yayıldı.

         Abdülqadir Qeylani həzrətləri daha doğulmadan irəlidə böyük bir şəxs olacağına dair əlamətlər, işarələr görülmüşdü. Mübarək atasına yuxusunda Peyğəmbər əfəndimiz; “Ey Əbu Saleh! Allahü təala bu gecə sənə kamil, yetkin və dərəcəsi yüksək bir kişi övlad ehsan etdi. O mənim oğlum və sevdiyimdir. Övliya arasında dərəcəsi yüksək olacaqdır” buyurdu.

         Doğulduqdan sonra yüksək halları ilə diqqətləri çəkdi.  Ramazanı-şərifdə gün ərzində süd əmməz, iftar olanda əmərdi. Bu halını bu beyti ilə anladar:

 

         Başlanğıcım belə idi, dillərdə deyilərdi,

         Beşikdə ikən orucdum, bunu hər kəs bilərdi. 

 

         Doğulduğu ilin Ramazan ayının sonunda havalar buludlu keçmişdi. Bunun üçün Ramazanın çıxıb çıxmadığında tərəddüd edildi. İnsanlar gəlib anasından uşağın süd əmib-əmmədiyini soruşdu. Əmmədiyini öyrənincə, Ramazanın hələ çıxmadığını anlayıb oruca davam etdilər.

         Bir gün Abdülqadir Qeylani həzrətlərinə, “Bu işə başladığınızda, bu yola addım atdığınızda, təməli nə üzərinə atdınız? Hansı əməli əsas aldınız da belə yüksək dərəcəyə  çatdınız?” deyə soruşdular.  Buyurdu ki:

         “Təməli sədaqət və doğruluq üzərinə atdım. Heç vaxt yalan söyləmədim.  Yalanı kağıza belə yazmadım və heç yalan düşünmədim. Daxili ilə xaricimi bir etdim. Bunun üçün işlərim həmişə yaxşı getdi. Uşaq ikən məqsədim, niyyətim elm öyrənmək, onunla əməl etmək, öyrəndiklərimə görə yaşamaq idi. Kiçik ikən  Arəfə günü cüt sürmək üçün tarlaya getdim, bir öküzün quyruğundan yapışıb arxasından gedirdim. Heyvan dilə gəldi və dönüb mənə; “Sən bunun üçün yaradılmadın və bununla əmr olunmadın” dedi. Qorxdum, evə döndüm.  Evimizin damına çıxdım. Gözümə Hacılar göründü. Ərafatda vəqfəyə dayanmışdılar. Anamın yanına gedib; “Məni Allahü təalanın yoluna yönəlt. İcazə ver,  Bağdada gedib elm öyrənim. Saleh şəxsləri və övliyaları tapıb ziyarət edim” dedim. Anam səbəbini soruşdu, gördüklərimi anlatdım. Ağladı, qalxıb atamdan irs qalan səksən qızılın yarısını qardaşıma ayırdı. Qalanını mənə verib, qızılları paltarımın qol altına tikdi. Getməyimə izin verib hər nə olarsa olsun doğruluq üzrə olmağımı söyləyib, məndən söz aldı. “Haydı Allah salamatlıq versin, oğlum. Allahü təala üçün  ayrıldım. Artıq qiyamətə qədər bir daha üzünü görmərəm” dedi.

         Kiçik bir karvan ilə Bağdada getmək üçün yola çıxdım. Həmədanı keçincə, altmış altı quldur qabağımıza çıxdı.  Karvanımıza hücum çəkib  karvanı soydular. Onlardan biri mənim yanıma gəldi. “Ey dərviş! Sənin də bir şeyin varmı?” deyə soruşdu.  “Qırx qızılım var” dedim. “Haradadır?” dedi.  “Qolumun altında tikili” dedim. Yalan dediyimi zənn etdi. Məni qoyub getdi. Bir başqası gəldi, o da soruşdu. Lakin, o da çıxıb getdi. İkisi birdən rəislərinə gedib,  bu vəziyyəti söylədilər. Rəisləri məni çağırtdı. Bir yerdə, karvandan aldıqları malları  paylaşırdılar.  Yanına getdim.  “Qızılın varmı?” dedi.  “Qırx qızılım var” dedim. Paltarımın qol altını sökmələrini söylədi.  Söküb qızılları çıxardılar. “Niyə bunu söylədin?” dedilər. “Anam, nə olarsa olsun yalan söyləməməmi  tənbeh etdi. Doğruluqdan ayrılmayacağıma söz verdim. Verdiyim sözə əməl etməliyəm” dedim. Quldur rəisi ağlamağa başladı və; “Neçə ildir mən məni yaradıb yetişdirən Rəbbimə verdiyim sözü pozuram” dedi.  Bu peşmanlığından sonra tövbə edib quldurluğu buraxdığını söylədi. Yanındakılar da, “İnsanları soymaqda, yol kəsməkdə sən bizim rəisimiz idin, indi tövbə etməkdə də rəisimiz ol” dedilər. Sonra, hamısı tövbə etdilər.  Karvandan aldıqları malları  sahiblərinə geri verdilər. İlk dəfə mənim vəsiləm ilə tövbə edənlər, bu altmış adamdır.”

         Abdülqadir Qeylani əfəndi, Bağdada gəldi. Buradakı məşhur alimlərdən dərs almaq surəti ilə hədis, fiqh və təsəvvüf elmlərində çox gözəl yetişdi.

         Elm təhsilini tamamlayıb yetişdikdən sonra moizə və dərs verməyə başladı. Xocası Əbu Səid Mahzuminin mədrəsəsində verdiyi dərs və moizələrinə gələnlər mədrəsəyə sığmadıqları üçün küçələrə daşardı. Bu səbəblə ətrafında olan evlər də əlavə edilmək surətilə mədrəsə genişləndirildi. Bu iş üçün Bağdad xalqı çox köməkçi oldu. Zənginlər pul verərək, kasıblar çalışaraq kömək etdilər.  Dərslərinə davam edənlər arasında bir çox alim yetişdi.

         Abdülqadir Qeylani həzrətləri təsəvvüf bilgilərini hər kəsin anlaya biləcəyi şəkildə təqdim etdi. Peyğəmbər əfəndimizin bərəkəti ilə sözləri çox şirin və təsirli idi.

         Bir gün minbərdə oturmuş moizə verirdi. Birdən sürətlə ən son pilləyə endi. Ayaqda əlini əlinin üstünə qoyaraq təvazökar bir şəkildə dayandı. Bir müddət sonra minbərə çıxdı. Əvvəlki yerinə oturdu və moizəsinə davam etdi.  Oradakılardan biri nə oldu deyə soruşunca; “Cəddim Rəsulullahı gördüm. Gəldi və minbər qarşısında dayandı. Həya edib son pilləyə endim. Qalxıb getməyə başlayınca, mənə yerimə oturmamı və insanlara moizə verməyimi əmr etdi” dedi.

        Söhbətlərində bəzən bir neçə adam coşaraq özündən keçərdi. Həftədə üç gün, cümə, çərşənbə axşamı və bazar ertəsi gecəsi xalqa moizə verərdi.  Moizəsində alim və övliyalardan şəxslər də olurdu, hamısı böyük bir zövqlə dinləyərdilər. Qırx il belə davam etdi. Dərs və fitva verməyə iyirmi səkkiz yaşında başlamışdı, bu hal altmış yaşına qədər davam etdi. Hüzurunda Quranı- Kərim çox sadə, təcvidə riayətlə oxunardı. Dörd yüz alim onun anlatdıqlarından qeydlər tutar, izdiham, sıxlıq səbəbi ilə bir-birlərinin kürəklərində yazardılar.  Soruşulan suallara çox açıq və tam cavablar verərdi.  Dərin elm sahibi idi. On üç növ elmdə dərs verərdi.

        İlk əvvəl lazım olan din bilgilərini öyrənməyi tövsiyə edərdi. Cubbai adındakı bir şəxs anladar:

        Övliyanın həyatından və sözlərindən bəhs edən ərəbcə Hilyət-ül-Övliya kitabını bir nəfərdən dinləmişdim. Qəlbim yumşaldı və xalqdan uzaqlaşıb tək bir ibadətlə məşğul olmaq istədim. Gedib Abdülqadir Qeylaninin arxasında namaz qıldıqdan sonra hüzurunda oturdum. Mənə baxıb; “Əgər təkliyə çəkilmək istəyirsənsə, ilk əvvəl elm, sonra da yetişmiş və yetişdirə bilən rəhbər şəxslərin, yəni mürşidi-kamillərin hüzurunda ədəb öyrən. Daha sonra təkliyə tək ibadət ilə başla. Yoxsa, ibadət edərkən dində bilmədiyin bir şeyi öyrənmək lazım olar, yerindən ayrılmaq vəziyyətində qalarsan” buyurdu.

       Bağdadın məşhur alimləri, hər biri bir məsələ soruşub sınaq etmək üçün hüzuruna gəlib oturdular. Bu əsnada Abdülqadir Qeylani həzrətlərinin sinəsindən ancaq qəlb gözü açıq olanların görə bildiyi bir nur çıxdı və alimlərin sinəsindən keçib getdi. Alimlər bir hala düşüb Abdülqadir Qeylani həzrətlərinin ayaqlarına qapandılar. Bunun üzərinə onları tək-tək bağrına basdı və indi suallarınızı soruşun buyurdu. Hər biri suallarını soruşub dərhal cavablarını aldı. Onlara: “Sizə nə odlu belə?” deyildiyi vaxt, “Hüzurunda oturduğumuz zaman bütün bildiklərimizi unutduq. Bizi bağrına basınca unutduqlarımızı təkrar xatırladıq. Suallarımızı soruşduqda, elə cavablar aldıq ki, çaşqınlıq içində qaldıq” dedilər.

       Abdülqadir Qeylani həzrətləri fəlsəfə ilə məşğul olmağı xoş görməzdi, ondan çəkindirərdi. Fəlsəfənin qaynağı ağıldır. Filosof, müxtəlif bilgiləri nizama qoyaraq maddə, həyat, yaradılış, dünya, ruh, aləm, ölüm və sonrakı kimi mövzularda ağlına söykənərək cavablar tapmağa çalışar. Bunu edərkən tapdığı cavabların Allahü təala tərəfindən göndərilən dinlərə uyğun gəlib-gəlməməsinə baxmaz. Bu səbəblə doğru yoldan ayrılarlar. Filosofların ortaya qoyduğu bilgilər, gərək fənn bilgilərinin deyişməsi, gərək sonra gələn filosofların əvvəlkilərdən fərqli düşünməsi səbəbiylə ya qismən yaxud tamamilə dəyişər.  Bu etibarla sonra gələnlər əvvəl gələnləri daim tənqid etməklə və ya onların fəlsəfələrini yıxmaqla işə başlayarlar. Ağıl tək başına yol göstərici deyildir. Dinin rəhbərliyinə möhtacdır. Yoxsa azar.  Bunun üçün din böyükləri etiqadın pozula biləcəyini bildikləri üçün fəlsəfə ilə məşğul olmaqdan çəkinmişlər.  Necə ki, İbni Sina və Farabi kimi şəxslər fəlsəfəçilərin kitabları ilə çox məşğul olduqları üçün azmışlardır.

       Çox səbirli idi. Tələbələrinin suallarını hirslənmədən anladar, dərsi gec anlayanlara səbirlə izah edərdi. Ubey adında anladılanları çətin qavrayan bir tələbə var idi.  Bir gün dərs əsnasında İbn-üs-Semhal adında bir şəxs gəlmişdi.   Abdülqadir Qeylani həzrətlərinin onun dərsi gec anlamasına qarşı göstərdiyi davranışa heyran qaldı. O tələbə dərsini alıb çıxdıqdan sonra göstərdiyi səbrə heyrət etdiyini söyləyincə, Abdülqadir Qeylani həzrətləri; “Bir həftə daha yorulacağam, ondan sonra vəfat edəcəyəm” buyurdu. Dediyi kimi bir həftə sonunda vəfat etdi.

       Abdülqadir Qeylani həzrətləri heybətli idi. Az danışar, çox sükut edər, danışdığı zaman çox cazib, açıq, dəqiq danışardı. Nəfsi üçün hirslənməzdi.  Din barəsində əsla taviz verməzdi. Qonaqsız gecə keçirməzdi. Zəiflərə kömək edər, kasıbları doyurardı. İstəyəni geri çevirməz,  paltarı varsa mütləq birini istəyənə verərdi. Yanında oturanlar, “Ondan daha kərim və lütfkar kimsə ola bilməz” qənaətinə gəlmişdi. Sevdiklərindən biri qürbətə çıxsa, ondan xəbər soruşar, sevgi və əlaqələrini mühafizə edərdi. Özünə qarşı pis davrananları bağışlayardı. Pisliklərə dalmış çox kimsə, oğru, quldur onun vasitəsi ilə tövbə etdi. Kölələri satın alıb azad edərdi. Verdiyi sözü tutar, kimsəyə qarşı pislik düşünməzdi.  Anbarında halaldan qazandığı buğda olardı. Xidmətçisi, qapıda çörək əlində dayanar və insanlara belə səslənərdi: “Yemək istəyən, çörək istəyən, yatmaq istəyən  vamı? Gəlsin!”

        Özünə hədiyyə gəlsə, yanındakılara paylayar, bir qismini də özünə ayırardı.  Hədiyyəyə mütləq  cavab verərdi.  Kasıbların və dərvişlərin ehtiyaclarını almaq üçün xidmətçilərinin, bir başqa işi olsa, yaxud  xəstələnsələr özü bazara çıxar, cəddi Rəsulullah əfəndimizə (sallallahü əleyhi və səlləm) tabe olaraq, ev üçün lazım olan şeyləri satın alardı. Bir nəfərlə birlikdə səfərdə olsa və bir yerdə qonaqlasalar, öz əliylə, əl dəyirmanında buğda üyüdər, xəmir yoğurar, çörək bişirər, hamısına pay verərdi. Özünə ziyarətə gələnlərə hörmət göstərər, təvazökarlıq edərdi. Çox günlər ət və yağ yeməzdi. Bir gün yeddi uşaq əllərində yarım dirhəm ilə gəlib hər biri yarım dirhəmini əlinə qoydu və satın almaq istədikləri şeyləri söylədilər.  Bazara gedib, istədikləri şeyləri satın alaraq gətirib uşaqlara verdi.  Könüllərini xoş etdi.

        Çətinliyi və diləyi olanlar onu vəsilə edərək, araya onu qoyaraq Allahü təalaya dua etdiklərində diləklərinə qovuşardılar.

        Bir dəfə: “Yaxşı müridlərin halı məlum, ya pislərinki nə olacaq?” deyə soruşduqlarında; “Yaxşı olanlar özlərini bizə həsr etmişlər. Pislərə gəlincə biz də özümüzü onları qurtarmaq üçün  həsr etdik” buyurdular.

       Cinlər də Ondan çəkinər, itaət edib sözünü dinləyərdilər.

       Duası məqbul idi. Bağdad xalqından biri ona gələrək, “Atamı yuxuda əzab içərisində gördüm. Mənə Şeyx Abdülqadirə get,  mənə dua etsin. Bəlkə Allahü təala məni əzabdan xilas edər” dedi. Bunun üçün sənə gəldim. Atama dua edin ki, əzabdan xilas olsun” dedi. Abdülqadir Qeylani həzrətləri sükut buyurdu. Bir şey söyləmədi. O şəxs ikinci gecə atasını yuxusunda yaşıl bir cübbə içərisində şən-şən  görüncə  heyrət edib; “Ata, dünən əzab içində idin, bu gün isə sevinclisən. Səbəbi nədir?” deyə soruşdu.  Atası: “Şeyx Abdülqadir mənə dua etdi. Allahü təala onun duası hörmətinə məni əzabdan xilas  etdi” dedi.

       Onu görən təsiri altında qalar, mübarək biri olduğunu hiss edər,  ürəyi qatı isə yumşalardı. Cümə günləri məscidə gedərkən insanlar onu görmək üçün küçələri doldurardı. Özü haqqında pislik düşünənə mərhəmət edər, onun yaxşılığını istəyərdi. Əzabını çəkmədən yüksək mərtəbələrə  çata bilməyəcəyini söyləyərdi.

       Əbul-Həcər Hamid Hirani anladır:

       Bir gün Abdülqadir Qeylani həzrətlərinin mədrəsəsinə getdim və hüzurunda oturdum.  Mənə; “Ey Hamid! Bir gün gələcək məliklərin, sultanların minbərində oturacaqsan” buyurdu.  Aradan çox vaxt keçdi, Hirana qayıdanda, Sultan Nurəddin məni çağırıb yanına oturtdu və vəqf naziri etdi. O gündən bəri davamlı Abdülqadir Qeylani həzrətlərinin o sözünü xatırlayaram.

       Hər vaxt gizli, açıq kəramətləri görülərdi. Abdülqadir Qeylani həzrətləri buyurdu ki:

       “Kəramətlər ancaq bir xeyir, hikmət üçün göstərilər. Kəramətini gizləməyən dünyaya düşkündür. Mənə tələbə olan, yaxud  övladımdan və xəlifələrimə bağlı olub, kəramət dərəcəsinə çatıb, məqsədsiz kəramət izhar edənin üzü iki dünyada qara olar.”

        Abdülqadir Qeylani həzrətlərinin insanları qəflətdən xəbərdar edən, özlərinə gəlməsinə vəsilə olan bir çox sözü vardır. Bunlardan bəziləri bunlardır:

        “İnsanlara rəhbərlik edən kimsədə bu xislətlər olmazsa, o rəhbərlik  edə bilməz. Qüsurları örtücü və bağışlayıcı olması, şəfqətli və yumşaq olması, doğru sözlü və yaxşılıq edən olması, yaxşılığı əmr edib, pisliklərdən çəkindirici,  qonaqpərvər və gecələri insanlar yatarkən ibadət edici olması, alim və cəsur olması.”

        “Şükrün əsası, nemətin sahibini bilmək, bunu qəlb ilə etiraf etmək və dillə söyləməkdir.”

        “Böyük alimlərə tabe olun, bidət yoluna, dində olmayıb, sonradan çıxarılan şeylərə meyl etməyin. İtaət edin, müxalifət etməyin. Səbr edin, sızlamayın. Sabit qalın, ayrılıb dağılmayın. Gözləyin, ümid kəsməyin.   Özünüzü günahdan təmizləyin, çirklətməyin. Hələ Rəbbinizin qapısından heç ayrılmayın.”

       “Qəlb dünya arzularından birinə bağlı qaldığı və müvəqqəti ləzzətlərdən birinin arxasına ilişib getdiyi müddətcə, imkanı yox, axirəti sevmiş ola bilməz.”

        “Mömin, insanlara qarşı üzündən sevincli olduğunu göstərər. Lakin özü kədərlidir. Peyğəmbər əfəndimiz: “Möminin sevinci üzündədir. Halbuki qəlbi kədərlidir” buyurmuşdur. Möminin təfəkkürü, düşünməsi, ağlaması çox, gülməsi azdır. Təbəssümü ilə ürəyindəki kədəri gizləyər. Çöldə dolanışığını təmin etməklə məşğul kimi görünər, ürəyi Rəbbini zikr etməklə məşğuldur.  Uşaqları ilə məşğul olur kimi görünər, ürəyi Rəbbi ilədir.”

         “İnsanlara göstəriş üçün əməl edib sonra da bunu Allahü təalanın qəbul etməsini istəmək insana yaraşarmı? Həvəsi, ərköyünlüyü, azğınlığı və dünyaya düşkünlüyü burax. Sevincini bir az azalt. Bir az kədərli ol. Peyğəmbər əfəndimiz başqasının qəlbini fərəhləndirmək  üçün  təbəssüm edərdi.”

 

         İlk əvvəl edilməsi lazım olan şeylər barəsində:

         “Möminin ən əvvəl fərzləri yerinə yetirməsi lazımdır. Fərzləri bitirdikdən sonra, vacib və sünnətləri yerinə yetirər. Ondan sonra nafilələrlə məşğul olar. Fərz borcu var ikən sünnət ilə məşğul olmaq axmaqlıqdır. Fərz borcu olanın sünnətləri qəbul olmaz. Həzrəti Əlinin rəvayət etdiyi hədisi-şərifdə, Rəsulullah əfəndimiz buyurur ki: “Üzərində fərz borcu olan kimsə, qəzasını qılmadan  nafilə qılsa, boş yerə zəhmət çəkmiş olar. Bu kimsə qəzasını ödəmədikcə Allahü təala onun nafilə namazlarını qəbul etməz.” Mömin, bir tacirə bənzəyər. Fərzlər onun sərmayəsi, nafilələr də qazancıdır. Sərmayə qurtarılmadıqca qazancı ola bilməz” buyurdu.

         Pis yoldaşlardan uzaq olmağı tövsiyə edər,  belə buyurardı:

        “Pis yoldaşları tərk et. Onları sevmə, salehləri sev. Yaxının belə olsa, pis yoldaşdan uzaq dayan. Uzaq belə olsa, yaxşı yoldaşlarla birlikdə ol. Kimi sevərsən, səninlə onun arasında bir yaxınlıq  hasil olar.  Bu baxımdan, sevgi bəslədiyin kimsənin kim olduğuna  yaxşı bax.

         Ey oğul! Sənin düşüncən yemək, içmək, geyim və dünya ləzzətləri olmasın. Bütün bunlar, nəfsin və insan təbiətinin istədiyi şeylərdir. Qəlbin düşüncəsi harada, nəfsin və təbiətin istəkləri harada? Qəlbin düşüncəsi Allahü təaladır. Sənin düşüncən, Rəbbin və Onun qatında olan nemətlər olmalıdır.  Dünyadan (haram və şübhəlilərdən) nəyi tərk etsən,  mütləq bunun qarşılığında  axirətdə ondan  daha xeyirlisi vardır.  Ömründə tək bu içərisində olduğun günün qaldığını fərz elə, axirət üçün hazırlıq et.”

 

         Faydasız şeyləri tərk etmək barəsində:

         “Ey yazıq! Sənə fayda verməyən şeylər haqqında danışmağı tərk et!  Dünya və axirətdə sənə fayda verəcək işlərlə məşğul ol. Boş işlərlə məşğul olma.  Qəlbindən dünya düşüncələrini çıxar. Çünki yaxında dünyadan alınacaq, axirətə aparılacaqsan. Dünyada rahat və xoş bir həyat axtarma. Rəsuli-əkrəm, “Həyat, axirət həyatıdır” buyurdu.”

         Yaxşı zənn sahibi olmaq haqqında:

         “Müsəlmanlar haqqında yaxşı zənn sahibi ol. Onlar haqqında niyyətini düzəlt. Hər cür xeyir iş etməyə qaç. Bilmədiyin xüsuslarda axirəti düşünən alimlərə soruş.”

 

          Dua haqqında:

         “Allahü təaladan dünya və axirətin xeyirlərini istə. Əsla, “Mən istəyirəm. Lakin Allahü təala vermir, mən də bundan sonra istəməyəcəyəm”, demə.  Duaya davam et. Əgər istədiyin şey əzəldə sənin üçün təqdir edilmiş isə,  Allahü təaladan istədikdən sonra,  Allahü təala onu sənə göndərər. Əgər istədiyin o ruzi əzəldə sənin üçün təqdir edilməmişsə, Allahü təala səni o şeyə möhtac etməz və Ondan gələnlərə razılıq göstərmə nemətini ehsan edər. Əgər Allahü təala sənin üçün kasıbçılıq və xəstəlik istəmiş isə, sən də Allahü təalaya kasıbçılıqdan və xəstəlikdən xilas olmaq üçün yalvararsan. O zaman Allahü təala sənə razı və məmnun olacağın bir hal verər. Əgər əzəldə borclu olmaq təqdir edilmiş isə və sən də borcdan xilas olmaq üçün  dua etsən, Allahü təala borc verəni sənə pis rəftar etmə halından vaz keçirər. Hətta borcundan azaltma və ya hamısını bağışlama halına çevirər. Əgər dünyada borclu halından xilas olmazsa buna  qarşılıq sənə çox savab verər.”

 

         Axirət işlərini əvvəl etmək barəsində:

         “Axirəti sərmayən, dünyanı bu sərmayənin qazancı et. Vaxtını əvvəlcə axirəti əldə etmək üçün sərf et. Geri qalan vaxtını dolanışığını təmin etmək üçün xərclə. Əsla dünyanı sərmayə, axirətini onun qazancı şəklində etmə. Belə etsən dünyadan artıq qalan vaxtını axirətin üçün sərf edərsən. Bu zaman ərzində namazlarını qılmağa çalışarsan. Lakin tez qılım deyə şərtlərinə riayət etməzsən, sonra dünya işlərindən yorular və halsız qalarsan. Gecələri qəza namazı qılmağa fürsət tapa bilməzsən. Yorğunluqdan ölü kimi yatar, gündüz də faydasız olarsan.  Nəfsinə, həvəsinə və istəyinə hətta şeytana tabe olarsan. Axirətini dünyaya qarşılıq satarsan. Nəfsinin köləsi və onun miniyi olarsan. Halbuki sən nəfsinə minmək, onu yalanlayıb təkzib etmək və salamatlıq yoluna qoymaqla əmr olunmusan.  Bunlar axirət yolu, Rəbbinə itaət yoludur. Sən nəfsindən gələn istəkləri qəbul etməklə özünə zülm  etdin. İpini onun əlinə verdin. İstəklərində, ləzzətlərində, həvəsində ona tabe oldun. Sonunda dünya və axirətin xeyirlisini qaçırdın. Dünya və axirətini zərərə saldın.  Belə olsa qiyamət günü din və dünya baxımından insanların ən müflis və ən zərərlisi olarsan. Nəfsinə uymaqla dünyadan çox bir şeyə qovuşmadın. Əgər nəfsini axirət yoluna çəksəydin, axirətini əsas və sərmayə qəbul etsəydin, dünya və axirətini qazanardın.  Nəfsin pisliklərindən qorunar, yaxşılardan olardın. Əgər dünyaya rəğbət etməyərək,  pisliklərdən uzaq qalaraq Allahü təalaya itaət edərsən, Allahü təalanın xas qullarından olarsan.”

 

         Edilən nəsihəti qəbul etmək haqqında:

         Qardaşının sənə etdiyi nəsihəti qəbul et. Ona etiraz etmə. Çünki o, sənin özündə görə bilmədiyin şeyləri görər. Bunun üçün Rəsuli-əkrəm; “Mömin, möminin  güzgüsüdür” buyurmuşdur. Mömin, din qardaşına etmiş olduğu nəsihətlərdə səmimidir. Onun görə bilmədiyi şeyləri bildirər. Ona, yaxşılıqlar və pisliklər arasındakı fərqi göstərər. Ona lehində və əleyhində olan şeyləri bildirər.”

 

         Tələskənlik etməmək barəsində:

         Tələsmə. Tələsən ya səhv edər və ya səhv vəziyyətə yaxın olar. Ağır və təmkinlə hərəkət edən o işdə ya isabət edər və ya isabət etməyə yaxınlaşar.  Tələskənlik şeytandandır. Ağır və təmkinli hərəkət etmək Allahü təaladandır.  Ümumiyyətlə tələsməyə səbəb, dünyalıq toplama həvəsidir. Qənaət sahibi ol.  Qənaət bitməyən bir  xəzinədir.”

 

         Qəflət haqqında:

         “Allahü təaladan haqqıyla həya edin. Qəflətdə olmayın. Vaxtınız məhv olub gedir. Halbuki siz, yeyə bilməyəcəyiniz şeyləri yığma, bilmədiyiniz şeylərin arxasından qaçmaq, yaşaya bilməyəcəyiniz binaları tikməklə məşğul olursunuz. Bütün bunlar sizə, Rəbbinizin hüzurunda dayanacağınızı unutdurur.  Halbuki Allahü təalanı xatırlamaq, ariflərin qəlblərində yerləşir. Onların qəlblərini əhatə edər. Onlara, Allahü təalanı xatırlamağa mane olan hər şeyi unutdurar.”

 

         Allah üçün edilməyən işlər haqqında:

         “Sənin dilin gözəl və şirin, üzün isə pisliklərdən xilas olmuş kimi gülür, bəs ürəyinin halı necədir? Camaat içində yaxşı görünürsən, bəs tək qalanda, yanında kimsə yox ikən necəsən? Göründüyün kimi deyilsən. Sən namaz qıldığın, oruc tutduğun, xeyir işləri etdiyin zaman, əgər bunları yalnız Allahü təalanın razılığını qazanmaq üçün etməzsən, nifaq üzrə (ikiüzlülük) və Allahü təaladan uzaq olacağını bilmirsən? İndi Allah üçün etmədiyin bütün işlərin, bütün sözlərin adi və bayağı niyyətlərin üçün tövbə et.

İnsanlara göstəriş üçün onların razılıqlarını almaq üçün əməl edib, sonra da bunu Allahü təalanın qəbul etməsini istəmək sənə yaraşarmı? Ehtirası,  ərköyünlüyü, azğınlığı və dünyaya düşkünlüyü tərk et. Sevincini və kefini bir az azalt. Bir az hüznlü ol. Çünki sən hüzn evində və dünya həbsxanasındasan. Rəsuli-əkrəm daim təfəkkür edərdi. Sevincləri az, hüznləri çox idi. Az gülərdi.  Yalnız başqasının ürəyini fərəhləndirmək üçün təbəssüm edərdi.” 

 

          Allahü təalanın sevgisində səmimiyyətin necə bəlli olduğu barəsində:

         “Qulun Allahü təalanı sevməsində səmimi olub olmadığı, başına bəla və müsibət gəldiyi vaxt ortaya çıxar. Bəla və müsibət gəldiyi zaman səbir və təmkinlik halını mühafizə edə bilirsə, o həqiqətən Allahü təalanı sevir deməkdir.  Müsibət və kasıblıq zamanında səbat göstərə bilmək bu sevgiyə dəlil və əlamətdir. Birisi Peyğəmbər əfəndimizə, “Mən səni sevirəm” deyincə,  “Kasıbçılıq üçün bir paltar hazırla” buyurdu. Bir başqası gəlib Peyğəmbər əfəndimizə, “Mən Allahü təalanı sevirəm” deyincə, “Bəla üçün bir paltar hazırla” buyurdu.”

 

         Səbir və dözümün qarşılıqsız qalmayacağına dair:

         “Halınızdan şikayət etməyin.  Səbir edin, fəryad etməyin. Doğruluq üzrə hərəkət edin. İstəyin, istəməkdə bezginlik göstərməyin. İçində olduğunuz xoşagəlməz hallara görə ümidsizliyə düşməyin. Daim ümidli olun. Bir-birinizə düşmən deyil, qardaş olun. Bir-birinizə nifrət etməyin.

         Allahü təalaya rızası üçün edilən səbirlər və dözümlər əsla qarşılıqsız qalmaz. Onun üçün bir an olsun səbir edin, mütləq illərcə bu səbrin mükafatını görərsiniz. Ömrü boyunca qəhrəman ləqəbi ilə məşhur olan, bu ləqəbi bir anlıq cəsarəti nəticəsində qazanmışdır. Allahü təala Quranı-kərimdə məalən, “Şübhəsiz ki, Allah səbir edənlərlə bərabərdir”  buyurur.” (Bəqərə surəsi:153)

 

          Həyatı fürsət bilməyə dair:

         “Həyatda olduğunuz müddətdə ömrü fürsət bilin.  Bir müddət sonra həyat qapısı bağlanacaq, bu dünyadan ayrılacaqsınız. Gücünüz çatdığı müddətcə xeyirli işlər görməyi qənimət bilin. Tövbə qapısı açıqkən və əlinizdə bu imkan varkən bunu fürsət bilin. Tövbə edin. Dua etməyə imkanınız varkən dua edin.  Saleh kimsələrlə birlikdə olmağı fürsət bilin.”

 

         Qəbir ziyarətinə dair:

         “Qəbirləri ziyarət edin.  Saleh kimsələri də ziyarət edin.  Xeyirli işlər görün.  Belə etsəniz, hər şeyiniz düzələr.”

 

         Günahlardan çəkinmək barəsində:

         “Mömin kimsə kiçik günahları da böyük görər. Peyğəmbər əfəndimiz; “Mömin kimsə,  günahını dağ kimi görüb öz üzərinə düşəcəyindən qorxar.  Münafiq isə günahını burnu üzərinə qonan və tez uçan milçək kimi görər” buyurdu.”

 

         Həsədin, Allahü təalanın qəzəbinə səbəb olacağı barəsində:

         Ey mömin! Sənə nə olur ki, qonşunu,  yeməkdə, içməkdə, geyinməkdə və başqa şeylərdə qısqanc görürəm. Bu necə işdir? Bilmirsən ki, bu sənin imanını zəiflədər. Mövlanın yanında qiymətin qalmaz. Səni Allahü təalanın qəzəbinə uğradar. Peyğəmbər əfəndimiz, “Allahü təala, həsəd aparan kimsə nemətimin düşmənidir,  buyurdu” deyə bildirmişdir.  Rəsuli-əkrəm bir hədisi-şərifdə: “Atəş odunu yeyib bitirdiyi kimi, həsəd də  yaxşılıqları yeyər” buyurdu.  Sən, həsəd etdiyin kimsəyə hansı və nə xüsusda həsəd edirsən? Onun qisməti üçün, yoxsa öz qismətin barəsindəmi həsəd edirsən?  Əgər onu Allahü təalanın ona qismət olaraq verdiyi şeydə həsəd edirsənsə ona  haqsızlıq etmiş olursan.  Həsəd etdiyin adam, Allahü təalanın onun üçün təqdir və qismət etdiyi nemətin içərisindədir. Sən onu, Allahü təalanın bu lütfkarlığına görə həsəd etməklə nə qədər haqsızlıq və xəsislik etdiyini, nə qədər ağılsızlıq etdiyini bilirsənmi? Əgər onu, sənə təqdir edilən bir şeyin onun əlinə keçəcəyindən narahatlıq edərək qısqanırsansa, bu sənin çox cahil olduğunu göstərir. Çünki sənin qismətini başqası yeyə bilməz. Şübhəsiz ki, Allahü təala sənə zülm etməz. Allahü təala  sənin üçün təqdir etdiyini, sənə nəsib olaraq verdiyini, səndən alıb başqasına verməz.”

          Abdülqadir Qeylani həzrətlərinin yazmış olduğu bir çox qiymətli əsərlərindən bəziləri:

1-    Qünyət-üt-Talibin

2-    Fütuh-ul-Qayb

3-    Fəth-ur-Rəbbani

4-    Füyuzati Rəbbaniyyə

5-    Hizb-ül-Bəsair

6-    Cila-ül-Hatır

7-    Əl-Məvahib-ur-Rahmaniyyə

8-    Yəvakit-ül-Hikəm

9-    Melfuzatı Qeylani

10-Divanü Qavsil Azam

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину