Facebook Twitter WhatsApp

Möcüzələrin ən böyüyü

Sual: Peyğəmbər əfəndimizin möcüzələrinin ən böyüyü hansıdır?

CAVAB

Qurani-kərimdir. Bu günə qədər gələn bütün şairlər, ədəbiyyatçılar, Qurani-kərimin nəzminə və mənası qarşısında aciz və heyran qalmışlar. Bir ayənin bənzərini söyləyə bilməmişlər. Müxtəsərliyi və bəlağəti insan sözünə bənzəməyir. Yəni, bir kəlməsi çıxarılsa və ya bir kəlmə əlavə edilsə, kəlimələrdəki və mənasındakı gözəllik pozulur. Bir kəlməsinin yerinə qoymaq üçün başqa kəlmə axtaranlar tapa bilməmişdirlər. Nəzmi Ərəb şairlərinin şeirlərinə bənzəməyir.

Keçmişdə olmuş və gələcəkdə olacaq neçə gizli şeyləri xəbər verməkdədir. Eşidənlər və oxuyanlar dadına doya bilmirlər. Yorulsalar da usanmırlar. Oxunması və ya dinlənməsi sıxıntıları apardığı saysız təcrübələrlə məlum olmuşdur. Eşidənlərdən qəlblərinə dəhşət və qorxu düşənlər, bu səbəbdən ölənlər belə görülmüşdür. Neçə azılı İslam düşmənləri Qurani-kərimi dinləməklə qəlbləri yumşalmış, imana gəlmişlər. İslam düşmənlərindən və müəttala, məlahidə və qaramita adlanan, müsəlman adını daşıyan dinsizlərdən Qurani-kərimi dəyişdirməyə, pozmağa və bənzərini söyləməyə çalışanlar olmuşsa da, heç biri arzusuna qovuşmamışdır.

Bütün elmlər və təcrübə ilə tapılmayan gözəl şeylər, gözəl əxlaq və insanlara üstünlük verən məziyyətlər, dünya və axirət səadətinə qovuşduracaq yaxşılıqlar, varlıqların başlanğıcı və sonu haqqında bilgilər, insanlara faydalı və zərərli olan şeylərin hamısı Qurani-kərimdə açıq-aşkar və ya qapalı olaraq bildirilmişdir. Qapalı olanlarını ərbabı anlaya bilməkdədir.

Səmavi kitabların hamısında, Tövratda, Zəburda və İncildə olan elmlərin və əsrarın hamısı Qurani-kərimdə bildirilmişdir. Qurani-kərimdə mövcud elmlərin hamısını ancaq Allahü təala bilir. Çoxunu sevgili Peyğəmbərinə bildirmişdir.

Qurani-kərimi oxumaq çox böyük bir nemətdir. Allahü təala bu neməti Həbibinin ümmətinə ehsan etmişdir. Mələklər bu nemətdən məhrumdurlar. Buna görə də Qurani-kərim oxunan yerə toplanıb dinləyirlər. Bütün təfsirlər Qurani-kərimdəki elmlərdən çox azını bildirməkdədirlər. Qiyamət günü Peyğəmbər əfəndimiz minbərə çıxıb Qurani-kərim oxuduqda dinləyənlər bütün elmlərini anlayacaqdırlar.

Möcüzə olaraq onlara Quran yetməzmi?

Qurani-kərim misli olmayan böyük bir möcüzədir. Aşağıda bəyan edəcəyimiz kimi içərisində ən dərin elmi və fənni bilgilər, bütün dünyada bu günə qədər tərtib olunmuş mədəni qanunlara nümunə təşkil edəcək elmi və hüquqi əsaslar, qədim tarixə aid bir çox bilinməyən məlumat, insanlara verilə biləcək ən böyük əxlaq əsasları, nəsihətlər, dünya və axirət haqqında ən məntiqi izahat əsasları və bunlara bənzər, o zamana qədər heç bir kimsənin bilmədiyi, biləməyəcəyi, təsəvvür belə edə bilmədiyi xüsuslar vardır. Bunlar, kimsənin söyləyə bilməyəcəyi yüksək bir ifadə ilə bəyan edilmişdir.

Peyğəmbər əfəndimiz ümmi idi. Yəni, kimsədən bir şey oxumamış, öyrənməmiş, heç bir şey yazmamışdı. Ayəti-kərimədə məalən buyurulur ki:

[“Ey Muhamməd (əleyhissalam)! Bu Qurani-kərim sənə endirilmədən öncə] Sən daha öncə bir kitabdan oxumuş və əlinlə də onu yazmış deyildin. Əgər elə olsaydı batilə uyanlar şübhəyə düşərdilər”. [Ənkəbut 48]

[Müşriklər Qurani-kərimi başqasından öyrənmiş və ya öncəki səmavi kitablardan almış deyərdilər. Yəhudilər də Onun vəsfi Tövratda ümmi olaraq bildirilmişdir, bu isə ümmi deyil deyə şübhəyə düşərdilər].

Qurani-kərim, Allahü təala tərəfindən vəhy olunan müəzzəm bir əsərdir. İndi bunu tədqiq edək:

Yeni bir peyğəmbər zühur etdikdə onun ətrafında toplanan xalq ondan möcüzələr gözləyir. İstər Musa əleyhissalam, İstər İsa əleyhissalam peyğəmbərliklərini isbat etmək üçün möcüzələr göstərmək məcburiyyətində qalmışlar. Həqiqətdə bu möcüzələr ancaq Allahü təalanın əmr və icazəsi, yaratması ilə meydana gəlmişdi. Bizim kimi insan olan Peyğəmbərlər özlərindən möcüzə edə bilməzlər. Möcüzə, ancaq Allahü təala tərəfindən yaradılır. Peyğəmbərlər, ancaq Allahü təalanın yaratdığı möcüzələri insanlara göstərirlər.

Allahü təala Peyğəmbər əfəndimizə ən böyük möcüzə olaraq “Qurani-kərimi” vəhy etmişdir. Qurani-kərim möcüzə olduğu mütləq olan ən böyük kitabdır. Halbuki, insanlar Muhamməd əleyhissalamdan səmadan bir kitab endirilməsini və ya bir dağı qızıla çevirməsini istəyirdilər. Ayəti-kərimələrdə məalən buyurulur ki:

““Ona Rəbbindən “başqa” möcüzələr endirilməli deyilmiydi?” deyirlər. [Ey həbibim] Sən onlara de ki, möcüzələr Rəbbimin qatındadır. [Allahü təalanın qüdrəti və iradəsi ilə olur. Nə zaman və necə istərsə elə yaradar. Bunları etmək mənim əlimdə deyildir.] Doğrusu mən ancaq Onun əzabını sizə təbliğedici, xəbər vericiyəm. Quran kimi bir kitabı sənə endirməmiz, onlara [möcüzə olaraq] yetməzmi? Əlbəttə, inanan qövm üçün, onda rəhmət və ibrət vardır”. [Ənkəbut 50, 51]

O halda, Muhamməd əleyhissalamın ən böyük möcüzəsi Qurani- kərimdir. “Bu Allah kitabı deyildir, onu Muhamməd yazmışdır” deyə bilənlərə qarşı da, Allahü təala yuxarıda məali-şərifini bildirdiyimiz Ənkəbut surəsinin qırx səkkizinci ayəsində cavab vermişdir. Belə şübhələrə imkan verməmişdir.

Allahü təala Muhamməd əleyhissalamın ümmi, yəni oxumaq- yazmaq öyrənməmiş olduğunu bildirmiş və bu səbəbdən Qurani- kərimin ancaq Allahü təala tərəfindən vəhy edilə biləcəyinin anlaşılmasını diləmişdir.

Allahü təala Nisə surəsinin 82-ci ayəsində məalən, “Hələ Quran üzərində gərəyi kimi düşünməyəcəklərmi? Əgər Allahdan başqasından gəlmiş olsaydı, onda bir çox tutarsızlıq tapardılar”, buyurulmuşdur. Allah kəlamı olmadığını öyrəndiyimiz bu günkü “Kitabı-müqəddəs”də, Tövrat və İncillərdə bir çox ixtilaflar vardır. Bu da, bunların əsilləri pozularaq sonradan insan əliylə yazılmış olduqlarını isbat etməkdədir.

İndi, Qurani-kərimin böyük bir möcüzə olduğunu birlikdə görək.

Bir kitabın möcüzə olması üçün onun çox bəlağətli bir dillə yazılmış olması, kimsənin o zamana qədər bilmədiyi, eşitmədiyi həqiqətləri, hikmətləri ortaya qoyması və əsərin heç bir kimsənin yaza bilməyəcəyi bir tərzdə tərtib edilmiş olması lazımdır.

Qurani-kərimin dilinin bəlağəti haqqında çox misal verilmişdir. Bu xüsus əsasən bütün dünya tərəfindən qəbul edilmişdir. Qurani-kərimin bəlağətini inkar edən tək insan yoxdur.

Qurani-kərimdə o zamana qədər heç bilinməyən xüsuslar zikr edilmişdirmi? Bunu tədqiq edək:

Bu gün dünyamızın necə meydana gəldiyi haqqında böyük ensiklopediyalarda və fənn adamlarının kitablarında bu məlumat vardır:

“Milyardlarla il əvvəl bütün kainat [Kosmos] bir tək hissədən ibarət idi. Bu tək hissənin ortasında birdən-birə böyük bir partlayış baş verdi və bu tək hissə bir çox hissələrə ayrıldı. Hissələrin hər biri başqa bir cəhətə doğru gedirdi. Nəhayət, bu hissələrin bəziləri bir-birləriylə birləşərək müxtəlif səyyarələr [planetlər] və ayrı-ayrı qalaktikalar [saman yolları], günəşlər və peyklər [aylar] meydana gətirdilər. Artıq Fəzada [kosmosda] bu ilk partlayışa qarşı bir müqavimət qalmadığından, bu səyyarələr və peyklər, bunların içində olan qalaktikalar fəzada öz oxları ətrafında dövr etməyə [dönməyə] və üzməyə davam etdilər. Dünya, içində günəşin də olduğu bir qalaktikadir. Kainatda sayılmayacaq qədər çox qalaktikalar vardır. Kainat, getdikcə genişlənən bir mənzumə [sistem]dir. Qalaktikalar yavaş-yavaş dünyadan uzaqlaşmaqdadır. Çünki, Kainat genişlənməkdədir. Əgər, sürətləri işığın sürətinə çatarsa, artıq digər qalaktikaları görməyimizə imkan qalmayacaqdır. İndidən, daha qüvvətli teleskoplar hazırlamağa məcburuq. Çünki, bir müddət sonra onları görə bilməyəcəyimizdən qorxuruq” deyirlər.

Görüşdüyümüz fənn adamlarına, “Bu nəticəyə nə zaman gəldiniz?) dediyimiz zaman, “Hardasa 50-60 ildən bəri bütün dünya fənn adamları bu qənaətlərə gəlmişlər” deməkdədirlər. 50-60 il dünya həyatında çox qısa bir zamandır.

İndi dərhal bu xüsusda ayəti-kərimələrdə nə buyurulduğuna baxaq:

“İnkar edənlər, göylər və Yer kürəsi bir-birlərinə yapışıq ikən onları ayırdığımızı bilməzlərmi?” [Ənbiya 30]

“İnkar edənlərə bir dəlil də gecədir. Biz, ondan gündüzü siyirib çəkərik və onlar qaranlıqlara qərq olarlar. Günəş, özünə ayrılan yerdə axar (dönər.)” [Yasin 37,38]

Deməli, Allahü təala fənn adamlarının ancaq 50-60 il əvvəl meydana çıxara bildikləri dünyanın yaradılışını bundan tam 1400 il əvvəl insanlara bildirmişdir.

İndi yenə fənn adamlarına qayıdaq:

Bioloqlar: “Bu gün həyatın necə meydana gəldiyini belə açıqlayırıq: Dünyanın ilk havasında ammonyak, oksigen və karbonat turşusu vardır. İldırımların təsirləri ilə bunlardan amin turşular meydana gəldi. Milyardlarla il əvvəl ilk dəfə suyun içərisində protoplazma əmələ gəldi. Bunlardan ilk amöblər meydana çıxdı. Həyat suda başladı. Sudan quruya çıxan canlılar, havadan amin turşuları alaraq proteinli birləşmələr meydana gətirdilər. Görüldüyü kimi bütün canlılar sudan gəlməkdədir və ilk canlılar suda təşəkkül etmişdir” deyirlər.

İndi, ayəti-kərimələrdə nə buyurulduğuna baxaq:

“İnkar edənlər bütün canlıları sudan yaratdığımızı bilməzlərmi?” [Ənbiya 30]

“İnsanı sudan [mənidən] yaradaraq kişi və qadın qohumlar xəlq edən Allahdır”. [Furqan 54]

“Yerin yetişdirdiklərindən, insanların özlərindən və hələ mahiyyətini bilmədikləri şeylərdən bütün çütləri yaradan Allahü təala hər cür ayıb və nöqsandan münəzzəhdir”. [Yasin 36]

Burada nəbatatı və heyvanatı tədqiq edənlərə və insanların ancaq zamanla və yavaş-yavaş tapa bildikləri atom enerjisi kimi yeni qaynaqları incələyən elm adamlarına işarətlər vardır. Həmçinin, ayəti-kərimədə məalən buyurulur ki:

“Göyləri və yerləri yaratması, rənglərinizin və dillərinizin ayrı olması, Onun varlığının ayələrindən [işarələrindən]dir. Doğrusu burada alimlər [anlayış sahibləri] üçün ibrət vardır”. [Rum 22]

Deməli, (dil və rəng fərqlərində) hələ bizim bu gün daha bilmədiyimiz bəzi incəliklər vardır. Bunlar zamanla meydana çıxacaqdır.

İndi, dünyanın sonu haqqındakı məlumatlarıı tədqiq edək. Fənn adamları, “Dünyanın mütləq sonu gələcəkdir. Həmçinin, kainatda bəzən bir səyyarə parçalanıb ortadan qeyb olmaqdadır. Bizim araşdırmalarımıza görə dünyamız öncədən qəti olaraq hesab edə bilmədiyimiz bir zaman sonra müvazinətini itirərək parça-parça olacaqdır” deməkdədirlər. Halbuki, bunu Qurani-kərim bizə 1400 il əvvəl bildirmişdir. Ayəti-kərimələrdə məalən buyurulur ki:

“Yer dəhşətlə sarsıldığı, yer üzü ağırlıqlarını kənara çıxardığı zaman.” [Zilzəl 1,2]

“Sizə, [varlığına və birliyinə dəlalət edən] ayələrini, möcüzələrini göstərən, sizə göydən ruzi endirən Odur. Bu ayələrdən, işarələrdən Allaha inananlardan başqası ibrət almaz.” [Mömin 13]

Buradakı “göydən ruzi endirən” ifadəsi çox dəfə Musa əleyhissalam və qövmü çöldə yolunu itirdiyi zaman göydən enən “Qüdrət halvası” adlanan və bu gün də susuz yerlərdə peyda olan Manna adlı şəkərli maddəyə işarə ola bilər deyilmişdir. Halbuki, bu açıqlama yalnışdır. Təfsir kitablarında, ayəti-kərimədəki “Sizə göydən ruzi endirən” məalindəki qisim, “Sizə göydən ruzinizin səbəbi yağmur və qeyrilərini [qar, rütubət] endirən Allahü təaladır” şəklində təfsir buyurulmuşdur. Çünki Allahü təala bizim ruzimizi həqiqətən səmadan endirməkdədir.

Bunu bir az izah edək. Bu gün ən böyük fənn adamları dünyada albüminlərin, zülalların necə meydana gəldiyini bu şəkildə izah etməkdədir: “Yağışlı günlərdə ildırım və şimşəklərin təsirləri ilə havadakı oksigen və azot birləşərək rəngsiz azot monoksid qazını meydana gətirməkdə, bu qaz təkrar oksigenlə birləşərək, narıncı rəngli azot dioksid, digər tərəfdən yenə ildırım və şimşəklərin təsiri ilə havadakı rütubət və azotdan ammonyak meydana gəlməkdədir. Azot dioksid isə rütubətin təsirilə azot turşusuna çevrilməkdə, bu səfər azot turşusu ilə ammonyak yenə havada olan karbonat turşusu ilə birləşərək ammonium nitrat və amonium karbonat hasil olmaqda, meydana gələn bu duzlar yağışla yer üzünə enməkdədir. Yer üzündə bu duzlar torpaqda olan kalsium duzları ilə birləşərək kalsium nitratı meydana gətirməkdə, bu duz da nəbatat [bitkilər] tərəfindən mənimsənərək [əmilərək] onların yetişməsinə səbəb olmaqdadır. Bu nəbatatla qidalanan insanlarda və heyvanlarda o maddələr müxtəlif zülallara [ki bunların arasında albüminlər də vardır] çevrilməkdə və bu heyvanların ətlərini, südlərini, yumurtalarını yeyən insanları bəsləməkdədir.”

O halda insanların ruzisi Qurani-kərimdə bildirilmiş olduğu kimi səmadan gəlməkdədir.

İndi bir də Musa əleyhissalam zamanında tanrılıq iddiasında olan Firona (ibrət üçün) nə olduğuna baxaq:

“(Ey Firon!) Səndən sonra gələcəklərə ibrət olman üçün, bu gün sənin bədənini (cansız olaraq) xilas edəcəyik. Budur, insanlardan bir çoxu həqiqətən ayələrimizdən qafildirlər.” [Yunus 92]

Firon, qədim Misir hökmdarlarına verilən addır. Misirə hakim olan 26 Firon sülaləsi var idi. Hər sülalədə fərqli Fironlar əsrlərlə hökmdarlıq etmişdir. Musa əleyhissalamın dövründəki Firon tanrılıq iddiasında idi. Özünə səcdə etməyənlərə və Musa əleyhissalama inananlara işgəncə və zülüm edirdi. Bu Firon dörd yüz il yaşamış, bir dəfə də olsun baş ağrısı görməmişdi. Əgər bir dəfə başı ağrısaydı bu hörmətsizlik ağlına gəlməzdi.

Musa əleyhissalam Misirə gəlib Fironu dinə dəvət etdi. Firon qəbul etmədi. Yanındakı vəziri Hamandan soruşdu. O da; “Musa, böyük sehrbazdır. Bizi aldadıb məmləkətimizi əlimizdən almaq istəyir.” dedi. Beləliklə, Fironun imana gəlməsinə mane oldu və iman edən xanımı Asiyənin də şəhid olmasına səbəb oldu.

Musa əleyhissalamın möcüzələrinə Firon inanmadı, kafirlərin suları qan oldu, göydən qurbağa yağdı, dəri xəstəlikləri yayıldı. Üç günlük qaranlıq davam etdi. Firon bu möcüzələri gördükdə qorxdu. Musa əleyhissalam ilə inananların Misirdən getməsinə izn verdi. Sonra Firon bu izninə peşman oldu. Əsgərlərlə arxasına düşdü. Qırmızı dənizin Süveyş hissəsində əsgərləri ilə birlikdə boğuldu.

Fironun Musa əleyhissalama və ona inanan kimsələrə qarşı etdiyi əməllər haqqında Bəqərə, Qasas, Taha, Şüara, Tahrim, Qafir (Mömin), Əraf, Yunus, Zuhruf, Duhan, İsra, Saffət, Ənkəbut surələrində bilgi verilməkdədir.

Üç min ildən artıq bir zaman öncə ölən bu Fironun cəsədi mumiyalanmış halda deyil, ibrəti-aləm üçün mumiyasız halda qorunmuşdur, tam bir ibrət vəsiqəsi olaraq bədəni heç korlanmamış, ətləri çürüməmiş və hətta tükləri tökülməmiş şəkildə və səcdə edər vəziyyətdə qalmışdır. Fironun korlanmamış bu cəsədi indi Londondakı British Museum-da təşhir edilməkdə olduğu zənn edilməkdədir.

Son olaraq, Qurani-kərimin Muhamməd əleyhissalamın ən böyük möcüzəsi olduğuna dair hər kəsin bildiyi bir hədisəni, bir həqiqəti burada təkrar xatırladaq:

Müsəlmanlığı seçənlərin arasında dənizaltı araşdırmaları ilə bütün dünyanın yaxından tanıdığı, dünyanın ən məşhur dənizaltı kaşiflərindən Fransız elm adamı Kapitan Kusto yer alır.

Televizorda yayımlanan Yaşayan Dəniz proqramı ilə okeanların sirlərini bir-bir göz önünə gətirən Kapitan Kusto, İslam dinini seçməsinə əsl səbəb olan hadisənin, Atlantik Okeanı ilə Ağdəniz sularının bir-birinə qarışmadığını təsbit etdikdən sonra, bunun 1400 il əvvəl dünyaya endirilən Qurani-kərimdə bəyan buyurulduğunu görməsi olmuşdur.

Kapitan Kustonun İslam dinini seçməsinə səbəb olan hadisəni belə dilə gətirmişdi:

“1962-ci ildə Alman elm adamları Ədən körfəzi ilə Qırmızı dənizin birləşdiyi Məndəb boğazında Qırmızı dənizin suyu ilə Hind Okeanının suyunun bir-birinə qarışmadığını bildirmişdilər. Biz də Atlantik Okeanı ilə Ağdənizin sularının bir-birinə qarışıb-qarışmadığını tədqiq etməyə başladıq. Əvvəlcə, Ağdənizin özünə xas temperaturu, duzluluğu və sıxlığı ilə ehtiva etdiyi canlıları təsbit etdik. Eyni tədqiqatı Atlantik Okeanında təkrarladıq. İki su kütləsi minlərlə ildən bəri Cəbəllitariq boğazında birləşirdi. Bu vəziyyətdə iki su kütləsinin qarışması ilə duzluluq tərkibi kimi ünsürlərin bir-birlərinə müsavi, heç olmasa yaxın olması lazım idi. Halbuki, hər iki dənizin ən yaxın bölgələrində belə dəniz suyu öz xassəsini qoruyurdu. Yəni, iki dənizin birləşmə nöqtəsində bir su pərdəsi iki dəniz suyunun bir-birinə qarışmasına mane olurdu. Bu halı bildirdiyim [İslamiyyəti seçərək Müsəlman olan] Professor Maurice Bucaille, bunda təəccüblü bir şey olmadığını, İslamın qüdsi kitabı Quran-kərimin bunu açıq bir şəkildə yazdığını söylədi. Həqiqətən bu hal Qurani-kərimdə açıqlanırdı. Bunu öyrəndikdə Qurani-kərimin “Allahü təalanın kəlamı” olduğuna inandım. Haqq din olan İslamiyyəti seçdim.”

Bir-birinə qarışmayan iki dənizin olduğu xüsusunda bir neçə ayəti-kərimə vardır:

“Birinin suyu şirin və susuzluğu aparan, digərininki duzlu və acı iki dənizin arasına bir əngəl, aşılmaz bir sərhəd qoyan Odur.” [Furqan 53]

“İki dəniz, bir-birinə bitişik ikən, [Rəbbinizin qoyduğu əngəl ilə] bir-birinə qarışmaz.” [Rəhman 19, 20]

“....iki dəniz arasına pərdə qoyan...” [Nəml 61]

“İki dənizdən biri şirindir, hərarəti kəsər, içmək asandır. Digəri də duzludur, boğazı yandırar.” [Fətr 12]

Yuxarıdakı məlumatları, “Qurani-kərimdə bildirilən şeylər fənn bilgilərinə uyğun deyil, Muhamməd əleyhissalam yoldaşlarıyla özü yazıb” deyənlərə cavab olaraq yazırıq.

İslam alimləri, təfsir elminin mütəxəssisləri ayəti-kərimələri zamanlarındakı fənn bilgilərinə görə təfsir etmişdirlər. Biz burada Qurani-kərimin hər əsrdəki fənn bilgilərinə uyğun olduğu kimi, ən yeni kəşflərə də müvafiq olduğunu göstərmək istəyirik. Hər ayəti-kərimənin bir çox, hətta sonsuz mənası vardır. Çünki, Allahü təalanın bütün sifətləri kimi kəlam sifəti də sonsuzdur. Bu mənaların hamısını ancaq Qurani-kərimin sahibi, yəni Allahü təala bilir. Bunların çoxunu sevgili Peyğəmbərinə bildirmişdir. Bu mübarək Peyğəmbəri də münasib gördüklərini Əshabına xəbər vermişdir. Yuxarıda verdiyimiz məlumat o mənalar dəryasından bir neçə damla ola bilər qənaətindəyik.

İndi biz bütün bu fənn adamlarına, “Əcəba, bu həqiqətləri bundan tam 1400 il əvvəl, oxumaq-yazmaq öyrənməmiş olan bir şəxs düşünə bilərdimi?” deyə soruşsaq, onlar: “Belə şeymi olar? Bu gün, bu həqiqətlərə çatmaq üçün, insanlar saysız kitablar oxumuşlar, saysız təcrübələr etmişlər və ancaq əsrlərdən sonra bu həqiqətlərə çatmışdırlar. Bu təcrübələri apara bilmək üçün uzun illər oxumaq, müəzzəm laboratoriyalar qurmaq, bir çox həssas alətlər hazırlamaq və istifadə etmək lazımdır” deyəcəkdirlər.

O halda, oxumaq-yazmaq öyrənməmiş və tamamilə cahil bir mühitdə böyüyən bir şəxsin belə müəzzəm elmi həqiqətləri özündən tapıb ortaya qoyması düşünülə bilərmi? Əlbəttə ki, düşünülməz. O halda, Qurani-kərimin Muhamməd əleyhissalam tərəfindən yazıldığı iddiasını irəli sürmək heç bir baxımdan doğru deyildir. Bu gün bir çox cəhdlərdən sonra əldə edilən həqiqətləri bizə 1400 il əvvəl bildirən bir kitab ancaq Allahü təalanın Kitabı ola bilər. Belə müəzzəm bir qüdrət insanlarda ola bilməz. Ancaq Allahü təalada vardır. Yuxarıdakı xüsusları diqqət ilə oxuyan hər kəs buna inanacaqdır. Buna inanmamaq təəssüb, inad və cahillik olar. Muhamməd əleyhissalam Qurani-kərim surələrini nəşr edərkən ancaq Allahü təalanın ona vəhy etdiyi sözləri nəql edər, bunları O da digər insanlarla birlikdə öyrənərdi.

Rəsulullah əfəndimiz haqqında bütün dünyanın ancaq hörmət duyduğunu və mütəəssüb bir neçə keşişdən başqa heç kimsənin əleyhində heç bir söz söyləmədiyini bir daha təkrar edək. Aşağıda Almaniyada Ştuttgart şəhərində 1888-ci [h.1305] ildə nəşr edilmiş olan Kürschner ensiklopediyasının “Muhamməd və İslam dini” haqqındakı məqaləni birlikdə oxuyaq. Bu məqaləni bir ensiklopediyadan götürməyimiz bu kimi kitabların tamamilə hər xüsusu yalnış yazmayacaqlarına görə bəzi xüsusları doğru yazmaq məcburiyyətində qalmaları səbəbi ilədir. Bizi burada əsl əlaqədar edən qisim Peyğəmbər əfəndimizin əxlaqı və məziyyətləri haqqında istifadə edilən sözlərdir. Daha bundan yüz il əvvəl İslam dini haqqında xristian elm adamlarının nələr düşündüyünü də bildirdiyi üçün bu hissəni tamamilə tərcümə edərək sizlərə təqdim edirik:

“Muhamməd əleyhissalamın ləqəbi, Əbülqasım ibn Abdullahdır. İslam dininin banisidir. 20 Aprel 571-ci il tarixində Məkkədə doğulmuşdur. Kiçik yaşlarından bəri ticarət ilə məşğul olmuş, çox səyahatlər etmiş, insanlarla münasibətdə olmuş, hər şeyi öyrənməyə həvəsli olmuşdur. Daha gənc yaşında zəngin bir tacirdən dul qalmış və işlərini görmək üçün onu yanına almış olan Xədicə ilə evlənmişdir.

610-cu ildə özünün Peyğəmbər olduğuna və Allah tərəfindən ona vəhy gəldiyinə inanmış və tək Allah məfhumunu bir çox bütlərə sitayiş edən Ərəblərə təbliğ üçün böyük bir cəhdlə fəaliyyətə keçmişdir. Muhamməd əleyhissalam Allah tərəfindən bu vəzifənin ona verildiyinə bütün qəlbi ilə inanırdı. Məkkə xalqının böyük qismi onun əleyhində olduğu, fikirlərini şiddət ilə rədd etdiyi, hətta onu öldürmək istədikləri halda, mübarizəsini, fəaliyətini dayandırmadı. Nəhayət, ona qarşı çıxanların həddindən artıq təzyiqi üzərinə 622-ci ildə Məkkədən uzaqlaşıb Yəsrib [Mədinə] şəhərinə getdi. Müsəlmanlar bu hərəkata “Hicrət” adını verirlər və təqvimlərini bu tarixə görə başlayırlar.

Muhamməd əleyhissalam Mədinədə bir çox tərəfdar tapır. Bir bütpərəstlik dini olan köhnə Ərəb dinini tamamilə islah edib onlara Allahın bir olduğunu isbat etmək istəyirdi. Muhamməd əleyhissalamın bildirdiyinə görə haqq din olan İbrahim əleyhissalamın dinində bildirdiyi əsaslar ilə Musa və İsanın (aleyhiməssalam) bildirdikləri dinlərin əsasları birdir. Lakin sonradan bu dinlərin içərisinə yalnış etiqadlar, inanclar qarışdırılaraq təhrif edilmiş, yəhudilik və xristianlıq şəklini almışdı. Muhamməd əleyhissalam bütün bu dinlərin bir-birinin davamı, ardı olduğunu və ən təmizlənmiş şəklinin isə ancaq İslamiyyət olduğunu hər kəsə izah edirdi.

“İslam” demək, özünü tamamilə təslim etmək deməkdir. İslam dininin kitabı Qurani-kərimdir. Digər dinlərin kitablarında yalnız mənəvi xüsuslardan bəhs olunarkən, Qurani-kərimdə eyni zamanda ictimai, iqtisadi və hüquqi hökmlər də mövcuddur. İnsanlara dünyada nələr etmələri lazım gəldiyi haqqında, hətta mədəni qanun şəklində olan hökmlər çoxdur. Eyni zamanda, necə ibadət ediləcəyi, necə oruc tutulacağı, bədənin necə yuyulacağı haqqında əmrlər olduğu kimi, digər insanlara və başqa dindən olanlara qarşı necə hüsni-muamələ ediləcəyi haqqında da məlumatlar vardır. Qurani-kərim Müsəlman olmayan zalım hökumətlərə qarşı mübarizəni əmr edir. Bütün əsası tək Allaha ibadət etməkdir. Dini rəsmləri, heykəlləri qadağan edir. Şərabı və donuz ətini də qadağan edir. Musa və İsanı da (aleyhiməssalam) Peyğəmbər olaraq qəbul edir. Lakin, onların dərəcələrinin son Peyğəmbər olan Muhamməd əleyhissalamdan daha aşağı olduğunu bildirmişdir.

İslam dinini qəbul edənlər və Onun əmrlərinə uyğun olaraq yaşayanların axirətdə, içində dünya zövqləri, çaylar, meyvələr, ipəkli sədrlər olan Cənnətə gedəcəklərini və orada özlərinə gənc və gözəl hurilər veriləcəyini müjdələyir.

Muhamməd əleyhissalam çox da gözəl xasiyyətli, gülərüzlü, kübar hərəkətli və çox dürüst bir şəxsiyyət idi. Daim hiddət və şiddətdən qaçmış, heç bir zaman zülm etməmişdir. Müsəlmanların daim yaxşı xasiyyətli, gülərüzlü olmasını istəmiş, Cənnətə gözəl əxlaq və səbrlə gediləcəyini bildirmişdir. Doğru sözlülüyü, mərhəməti, kasıblara yardımı, qonaqpərvərliyi, şəfqəti daim Müsəlmanlığın əsas təməlləri olduğunu bəyan etmişdi. Daim qənaət ilə yaşamış, dəbdəbə və göstərişdən uzaq durmuşdur. Müsəlmanlar arasında heç bir sinif fərqi tanımamış, ən kasıb bir Müsəlmanın belə xətrini saymışdır. Böyük bir zərurət olmasa, zora baş vurmamış, bütün məsələləri şirinlik ilə, anlaşma ilə, nəsihət və izah ilə həll etməyə çalışmış və çox kərə də bunda müvəffəq olmuşdur. 630-cu il tarixində təkrar Məkkəyə qayıdaraq bu şəhəri rahatlıqla fəth etmiş və çox qısa zaman içərisində yarı vəhşi Ərəbləri dünyanın ən mədəni insanları halına gətirmişdir.

İslam dini hər birinin haqqını tanımaq şərti ilə bir kişinin dördə qədər qadınla evlənməsinə izn verməkdədir. Muhamməd əleyhissalam 8 İyun 632-ci il tarixində vəfat etmişdir. (Kürschner Ensiklopediyası)

Ensiklopediyanın bu yazısını oxuduğumuz zaman bu qənaətə gəlirik:

Bunu hazırlayan tarixçi İslam dininin Allahü təalanın dini olduğuna tam inanmasa belə, bu dinin mükəmməl bir din olduğunu və tək Allaha inanmağı əmr etdiyini, vəhşi Ərəbləri mədəni etdiyini qəbul etməkdə, hələ Peyğəmbər əfəndimizdən çox böyük bir mədh və səna ilə bəhs etməkdədir. Budur, nə mükəmməl bir insan olduğunu bütün dünyanın təsdiq etmək məcburiyyətində qaldıqları Muhamməd əleyhissalama son dərəcə dürüstlüyü və sədaqəti səbəbi ilə ən böyük düşmənləri, azğın kafirlər belə “Muhammədül-əmin” [Güvənilən Muhamməd] deyərdilər. Bu qüdsi vəzifəni hər cür çətinliyə baxmayaraq davam etdirmişdi.

Ayəti-kərimələrdə məalən buyurulur ki:

“Biz səni aləmlərə rəhmət olaraq göndərdik.” [Ənbiya 107]

“Rəbbinin sənə verdiyi nemətlərlə məcnun deyilsən. Sənin üçün bitməyən, sonsuz mükafat vardır. Əlbəttə, sən ən böyük əxlaq üzərindəsən.” [Qələm 2-4]

“Aləmlərə [Cin və insanlara ilahi əzab ilə] qorxuducu [xəbərdarlıq edən] olaraq Furqanı [Quranı] quluna [Muhamməd əleyhissalama] endirən [Allahın şanı] nə ucadır”. [Furqan 1]

“De ki, insanlar və cinlər bir-birlərinə yardımcı olaraq bu Quranın bir bənzərini ortaya qoymaq üçün bir araya gəlsələr, and olsun ki, yenə də bənzərini ortaya qoya bilməzlər”. [İsra 88]

“Muhamməd (əleyhissalam), öz arzusu ilə danışmaz. [Çünki O, tövhidi elan və şirki yox etmək və dini yaymaq ilə əmr olunmuşdur.] Onun [din işlərində] danışması ancaq vəhydir”. [Nəcm 3,4]

“De ki, mən də ancaq sizin kimi bir insanam. “Belə ki” mənə İlahınızın sadəcə tək bir ilah olduğu vəhy olunmuşdur. [Zatında bənzəri, sifətlərində şəriki, ortağı yoxdur.] Rəbbinə qovuşmaq istəyən bir kimsə, əməli-saleh, faydalı iş görsün və Rəbbinə qulluq etməkdə heç şərik [ortaq] qoşmasın”. [Kəhf 110]

Bütün bu zikr etdiyimiz xüsuslar, bəyan etdiyimiz həqiqətlər, tərtibindəki ilahi nizam Qurani-kərimin dünyanın ən böyük möcüzəsi olduğunu inanan və inanmayan hər kəsə göstərir.

Ayəti-kərimələrdə məalən buyurulur ki:

“Allah, Rəsulunu, hidayət və haqq din İslamiyyətlə göndərdi. İslam dinini, digər dinlər üzərində üstün qıldı. [Muhamməd əleyhissalamın haqq] Peyğəmbər olduğuna şahid olaraq Allah yetər.” [Fəth 28]

“Müşriklər istəməsələr də İslam dinini digər bütün dinlərdən üstün qılmaq üçün rəsulu Muhamməd əleyhissalamı, [səbəbi –hidayət olan] Quran və İslam dini ilə birlikdə göndərən Allahü təaladır”. [Saf 9]

 

Qurani-kərim hər baxımdan möcüzədir

Sual: Quran haqqında bir möcüzədir deyilir. Tək bir xüsusiyyəti səbəbilə, yoxsa müxtəlif xüsusiyyətləri ilə birlikdə möcüzədir?

CAVAB: İslam alimləri Qurani-kərimin bir çox xüsusiyyətləri səbəbilə möcüzə olduğunu açıqlamışlar və bunlardan birini də belə bildirmişdirlər:

“İslamiyyətdən öncə Ərəbistan bir çöl idi. İnsanları da yarı vəhşi, bütpərəst kimsələrdi. Qız uşaqlarını diri-diri basdırmaq kimi qorxunc adətləri var idi. Bu yarımada bir keçid yolu üzərində olmadığı üçün nə böyük İsgəndərlər, nə Farslar, nə Romalılar bu yarımadaya heç baş qoşmamış, yanından keçməmişdilər. Bu səbəbdən İranlıların, Romalıların əxlaqsızlıqları bu yarımadada yaşayanlara bulaşmadı, mərd olaraq qaldılar. Budur, belə zavallı, lakin təmiz olan bir qövm, onlara rəhbərlik edən Muhamməd əleyhissalamın gətirdiyi Qurani-kərim sayəsində birdən-birə dəyişmiş, tam bir mədəniyyətə qovuşmuş, fövqaladə bir səylə 30 il ərzində şərqdə Türkistan və Hindistan, qərbdə İspaniya olmaqla heyrətamiz çox qüdrətli bir İslam dövləti meydana gətirmişdir. Elmdə, fənndə və mədəniyyətdə son dərəcə irəliləmiş, o zamana qədər bilinməyən bir çox şeylər kəşf etmişdirlər. Elmdə o qədər inkişaf etmişdilər ki, Papalar belə Əndülüsdəki İslam Üniversitetlərində oxuyurdular. O zamanın Avropasından bəhs edən John W. Drapper kimi tərəfsiz bir tarixçi Avropanın Mənəvi İnkişafı adlı əsərdə belə deməkdədir:

O zamankı Avropalılar barbar idi. Xristianlıq onları barbarlıqdan xilas edə bilməmişdi. Xristian dininin bacara bilmədiyini İslam dini bacardı. İspaniyaya gələn Müsəlmanlar, əvvəlcə onlara yuyunmağı öyrətdilər. Sonra onların üzərindəki parça-parça olmuş, bitlənmiş heyvan dərilərini çıxararaq, təmiz, gözəl paltarlar geyindirdilər. Evlər, köşklər, saraylar tikdilər. Onları oxutdular. Üniversitetlər qurdular. Xristian tarixçilər İslama qarşı olan kinlərindən bu həqiqəti gizləməyə çalışmaqda, Avropanın mədəniyətdə Müsəlmanlara nə qədər borclu olduğunu heç cür etiraf edə bilmirlər.”

Thomas Carlyle da bu həqiqətləri eynilə qəbul etdikdən sonra, “Ərəblərə bir qəhrəman Peyğəmbər onların çox yaxşı anladıqları bir kitab ilə rəislik etdi. O zaman İslam dini bir qığılcım kimi parladı. Hindistandan Qranadaya qədər böyük bir dünya parçasını atəşlədi. Qaranlıq dünyanı nur içində saxladı” demişdir.

O zaman Ərəbistan yarımadasında yaşayanları və dünyanı qısa zamanda mədəniyyətə qovuşdurması Qurani-kərimin möcüzə olduğuna bir başqa dəlildir.

 

Qurani-kərimdəki bilgilər

Sual: Qurani-kərimdə bildirilən, bəhs olunan elmlər, bilgilər əsasən nə ilə əlaqədardır?

CAVAB: Bu mövzuda Məvduatül-ulumda deyilir ki:

“Qurani-kərimdəki bilgilər üç qisimdir: Birincisini heç bir quluna bildirilməmişdir. Özünü, adlarını və sifətlərini Allahu təaladan başqa kimsə bilməz. İkinci qisim bilgiləri yalnız Muhamməd əleyhissalama bildirmişdir. Bu uca Peyğəmbərdən və Onun varisi olan rasih alimlərdən başqa kimsə bunları anlaya bilməz. Mütəşabih ayələr belədir. Üçüncü qisim bilgiləri Peyğəmbərinə bildirmiş və ümmətinə öyrətməsini əmr buyurmuşdur. Bu elmlər də ikiyə ayrılır: Birincilər, keçmiş insanların hallarını bildirən Qissə və dünyada, axirətdə yaratmış olduğu və yaradacağı şeyləri bildirən xəbərlər, Ahbardır. Bunlar, ancaq Rəsulullah Əfəndimizin bildirməsilə anlaşılır. Ağıl ilə, təcrübə ilə anlaşıla bilməz. Üçüncü qisim bilgilərin ikinciləri, ağıl, təcrübə və Ərəbi elmlər ilə anlaşıla bilər. Qurani-kərimdən əhkam, hökm çıxarmaq və fənn bilgilərini anlamaq belədir.”

Qurani-kərimin mənasını anlamaq istəyən din alimlərinin kəlam, fiqh və əxlaq kitablarını oxuması lazımdır.

 

Qurani-kərim ən böyük möcüzədir

Sual: Peyğəmbərimizin ümmi (oxuma, yazma bilməyən) olması, Qurani-kərimin bir möcüzə olmasının dəlilidirmi?

CAVAB: Peyğəmbər əfəndimiz kimsədən bir şey öyrənmədiyi halda, çox fasih, yəni açıq və şirin danışardı. Bunun üçün; “Mənə cəvamiul kəlim” verildi, buyurdu. Cəvamiul kəlim, az kəlmə istifadə edərək, çox şey izah etmək deməkdir. Rəsulullah əfəndimizin kimsədən bir şey oxumadığı, öyrənmədiyi xüsusunda Qurani-kərimdə, Ənkəbut surəsinin 48-ci ayəsində məalən;

[Ey Muhamməd əleyhissalam! Bu Qurani-kərim sənə endirilmədən öncə] Sən bir kitabdan oxumuş və əlinlə onu yazmış deyildin. Əgər elə olsaydı müşriklər [Qurani-kərimi başqasından öyrənmiş və ya öncəki səmavi kitablardan götürmüş] deyərdilər. [Yəhudilər də, Onun vəsfi Tövratda ümmi olaraq bildirilmişdir, bu isə ümmi deyil, deyə şübhəyə düşərdilər] buyurulmuşdur.

Allahü təala Muhamməd əleyhissalama ən böyük möcüzə olaraq Qurani-kərimi vəhy etmişdir. Müşriklər səmadan bir kitab endirilməsini və ya bir dağı qızıla çevirməsini istəyirdilər. Bu xüsus Ənkəbut surəsinin 50-ci və 51-ci ayələrində məalən;

“Müşriklər, nə olar Rəbbindən [Muhamməd əleyhissalamın nübüvvətinə dəlalət edən İsa əleyhissalamın süfrəsi, Musa əleyhissalamın əsası kimi] möcüzələr endirilmiş olsaydı, dedilər. [Ey həbibim] Sən onlara de ki, möcüzələr Allahü təalanın qüdrəti və iradəsi ilə olur. [Nə zaman və necə istərsə elə yaradır. Bunları etmək mənim əlimdə deyildir.] Doğrusu mən ancaq Onun əzabını sizə təbliğedici, xəbərvericiyəm. Quran kimi bir kitabı sənə endirmiş olmamız, onlara [möcüzə olaraq] yetməzmi? Bunda, inanan qövm üçün, rəhmət və nəsihət vardır” buyurulmuşdur.

Muhamməd əleyhissalamın ən böyük möcüzəsi Qurani-kərimdir. “Bu kitabı Muhamməd yazmışdır” deyə biləcəklərə qarşı da Allahü təala Ənkəbut surəsinin 48-ci ayəsində cavab vermiş, belə şübhələrə fürsət verməmişdir. Allahü təala Muhamməd əleyhissalamın belə bir kitabı yazacaq qüdrətdə olmadığını və Qurani-kərimin Özü tərəfindən vəhy edildiyini doğrulamaqdadır. Muhamməd əleyhissalamı Peyğəmbər olaraq seçərkən Onun xüsusilə ümmi, yəni oxumaq-yazmaq öyrənməmiş olmasını bildirmiş və bu səbəbdən Qurani-kərimin ancaq Allahü təala tərəfindən vəhy edilə biləcəyinin anlaşılmasını istəmişdir.

Möcüzələrin ən üstünü

Sual: Peyğəmbər əfəndimizə verilən möcüzələrin ən böyüyü Qurani-kərimdirmi?

CAVAB: Musa əleyhissalamın və İsa əleyhissalamın Peyğəmbərlikləri möcüzələrlə aydın olduğu kimi, Muhamməd əleyhissalamın Peyğəmbərliyi də möcüzələrlə meydandadır. Musa əleyhissalam zamanında sehir, İsa əleyhissalam zamanında həkimlik, Muhamməd əleyhissalam zamanında şeir, fəsahət və bəlağət, yəni gözəl söz sənətləri çox inkişaf etmişdi. Allahü təala da bu Peyğəmbərlərinə ümmətlərinin qiymət verdiyi şeylərdə möcüzələr ehsan etdi. Muhamməd əleyhissalamın da İsa əleyhissalam kimi, ölünü diriltdiyi və Firon ilə adamlarının Musa əleyhissalama sehirbaz dedikləri kimi Qüreyş kafirlərinin də Muhamməd əleyhissalama sehirbaz dedikləri kitablarda geniş yazılıdır...

Muhamməd əleyhissalam ümmi idi. Yəni, məktəbə getmədi, oxuyub yazmadı, heç bir insandan dərs almadı. Ümmi olduğu halda, tarix, fənn, əxlaq, siyasət və sosial bilgilərlə dolu bir kitab ortaya qoydu. Bu kitaba tabe olaraq dünyaya ədalət yaymış olan hökmdarların yetişməsinə səbəb oldu.

Qurani-kərim Muhamməd əleyhissalamın möcüzələrinin ən böyüyü, hətta, bütün Peyğəmbərlərin möcüzələrinin ən böyüyüdür. Bu ən böyük möcüzə yalnız Muhamməd əleyhissalama verilmişdir. Dində reformcular Muhamməd əleyhissalamın daha uşaq ikən Şam səfərində bir keşişlə bir neçə dəqiqə danışdığı zaman bütün bu bilgiləri o keşişdən öyrəndiyini söyləyərkən utanmaları, sıxılmaları lazımdır. Bu qədər çürük, bu qədər gülünc bir iftira ola bilməz. Kəbə divarında illərlə asılı duran və sahiblərini hərəsini bir dahi, bir qəhrəman dərəcəsinə yüksəldən və minlərlə şeir arasından seçilmiş olan fəsahət və bəlağətli şah əsəri yazıların hər birinin lazımsız bir şey kimi sökülüb endirilməsinə və yazarlarının başlarının əyilməsinə səbəb olan ayəti-kərimələr, o keşişlə bir neçə dəqiqəlik söhbətin nəticəsi ola bilərmi? Bu gün Qurani-kərimin bəlağətini yenidən anlamağa cəhd göstərməyin heç lüzumu yoxdur. Çünki Qurani-kərim Ərəbcənin ən yüksək zamanında, yəni zirvədə ikən ən səlahiyyətli mütəxəssislərə üstünlüyünü imzalatmışdır.

Ərəb ədəbiyyatının mütəxəssisləri olanlardan, Muhamməd əleyhissalamın zamanında yetişənlər arasında Qurani-kərimin bəlağətindəki ilahi üstünlüyü görüb inanmayan yox kimidir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину