Facebook Twitter WhatsApp

Ammar ibn Yasər

Şəhid oğlu şəhid.

Ammar ibn Yasər ilk Müsəlmanların otuzuncusudur. Süheybi Rumi ilə birlikdə Dar-ül Ərkamda eyni vaxtda Müsəlman olmuşdular. O zaman Peyğəmbər əfəndimiz Dar-ül  Ərkamda idi. Ammar bu haqda belə deyir:

Bir gün Həzrəti Ərkamın evinin önündə Həzrəti Süheyb ibn Sinana  rast gəldim.  Ona dedim ki:

— Burada nə edirsən?

— Sən nə edirsən?

— Mən içəri girəcəyəm və Həzrəti Muhammədin sözlərini dinləyib bildirdiyi dinə girəcəyəm. Müsəlman olacağam.

— Mən də eyni məqsədlə bura gəldim.

İçəri birlikdə girdik

             Beləcə ikimiz də birlikdə içəri girdik. O sırada Peyğəmbər əfəndimiz də orada idi.  Birlikdə Müsəlman olduq, axşama qədər orada qaldıq. Axşamdan sonra evimizə qayıtdıq.

İmam Mücahid buyurdu ki:

— Məkkədə Müsəlman olduğunu açıqlayan, əvvəl Rəsulullah sonra da Əbu Bəkir, Bilal,  Habbab,  Süheyb, Ammar və anası  Sümeyyə xanımdır.

Peyğəmbər əfəndimiz xalqı açıqdan imana çağırmağa başlayınca, müşriklər kimsəsiz Müsəlmanlara əza və cəfa etməyə başladılar. Əbu Talib həyatda ikən bütpərəstlər Rəsuli  Əkrəmə pislik edə bilməzdilər. Əshabdan tanınmış kimsələrə də qövmlərinin himayəsi və qohumlarının  çox olması səbəbi ilə istədikləri kimi əza və cəfa  edə bilməzdilər.

Ancaq Müsəlmanların kimsəsizlərini və kasıblarını tapıb onlara növ-növ əziyyət edib, müxtəlif cəfalar edərdilər. Onların içində ən çox əziyyət görənlər Bilal, Süheyb, Habbab və Ammar  ibn Yasərdir.

Müşriklər Ammarı tək yaxaladıqları zaman  Ramda mövqeyinə, Məkkə qayalıqlarına apararlar,  paltarlarını çıxarıb,  dəmir köynək geyindirərlər, günün istisində qızmış daşlarla dağlarla, bəzən də kürəyini odla dağlayar, qızğın günəş altında ac və susuz qoyub deyərdilər ki:

— Muhammədin dinindən dön, Lat və Uzzaya tapın, xilas ol!

Bəzən də quyuya salıb boğmaq istəyərdilər.  Onlar bu dözülməz cəfalara səbr edib,

— Rəbbim Allah, Peyğəmbərim Muhamməd əleyhissəlamdır, deyərək İslam dinindən dönməzdilər.

Əbu Huzeyfə ibn Muqirə, Ammarın atası Yasərin dostu olduğu və aralarındakı sözləşməyə görə kömək etməsi lazım gəldiyi halda, o da  müşriklərlə bir olub, o Müsəlman ailəyə, arxalarına od yapışdırmaq surətiylə işgəncə edirdi.

Dilim-dilim doğrasanız

Bəni Məhzum qəbiləsinin irəli gələnləri Ammar ibn Yasərin atasına və anası  Süməyyəyə işgəncəyə davam edib, isti gündə quma basdırar və  üzərində ət bişəcək qədər isti daşları gövdəsinə düzərdilər. Sonra deyərdilər ki:

— Lat və Uzza Muhammədin dinindən yaxşıdır deyin!

Bunun üzərinə onlar da belə cavab verərdilər:

—          Dərimizi üzsəniz, ətimizi dilim-dilim doğrasanız sizi dinləmərik. Allahdan başqa ilah yoxdur.  Muhamməd əleyhissəlam Onun qulu və Peyğəmbəridir.

Yenə bir gün Rəsulullah əfəndimiz Batha deyilən yerdən keçərkən Yasər ailəsinə  işgəncə edildiyini görüb çox kədərləndilər. Həzrəti Yasər sual etdi:

— Ya Rəsulallah!  Zamanımız həmişə belə işgəncə ilə keçəcək?

Peyğəmbər əfəndimiz də buyurdu ki:

— Səbr edin, ey Yasər ailəsi!  Sevinin ey Ammar ailəsi!  Heç şübhəsiz, sizin mükafat yeriniz  Cənnətdir.

Ammar ibn Yasərin Qureyşli müşriklərdən gördüyü işgəncə, dillərə dastan olacaq şəkildədir. Bir dəfə Ammar  Rəsulullah əfəndimizə gələrək halını ərz etdi:

— Ya Rəsulallah! Müşriklərin bizə etdiyi işgəncə son həddə çatdı.

Rəsulullah əfəndimiz onların bu halını bilir və onlar üçün kədərlənirdi. Buyurdu ki:

— Səbr edin ey Yaqzanın atası!

Sonra da belə dua etdilər:

— Ya Rəbbi!  Ammar ailəsindən heç kimsəyə Cəhənnəm əzabını daddırma.

Ey od, sərin ol

Yenə bir gün Məkkə müşrikləri Ammara odla əziyyət və işgəncə edirdilər. Rəsulullah əfəndimiz oraya təşrif etdilər. Buyurdu ki:

— Ey od!  İbrahimə (əleyhissəlam)  olduğun kimi,  Ammara da sərin və  salamatlıq ol.

Daha sonra Ammar kürəyini açdığı zaman odun izi görünürdü. Bu iz Rəsulullah əfəndimizin duasından əvvəl idi.

Yenə günəşin çox yandırıcı olduğu bir gün idi. Günəş sanki bütün Məkkəni yandırmaq istəyirdi. Torpağın üstündə və altında olan  bitkilər qovurulmuşdu. Çöl və daşlıq bölgələr,  qızğın bir çörək sobasını xatırladırdı.  Qureyşli Məhzumoğulları daha da əsəbi idilər!

Yasər və xanımı Süməyyəyə çox işgəncə etdilər. Ancaq bu Yəmənli Müsəlmanlar,  onların bu qədər işgəncələrinə baxmayaraq onların istəklərini yerinə yetirmədilər. Nəhayət Yasəri qızğın daşlar üzərinə uzatdılar. Üzərindəki qısa üst geyimini cırdılar.

Bura, Məkkənin başdan-başa daşlıq və quraq bir bölgəsi idi. Heç su olmadığı üçün zalımlar  buranı seçmişdilər. Günəş ən çox bir saata hər insanı bişirə bilərdi. Amma yerə yatırılan Yəmənli Müsəlman gülürdü! Bütpərəst Məhzumoğulları hirslərindən çatlayacaq kimi idilər. Hamısı qıpqırmızı olmuşdular. Nəhayət Yasərin bir qoluna bir dəvə, o biri qoluna başqa bir dəvə bağladılar. Ayaqlarına da eyni şeyi etdilər.

Sonra içlərindən ən dinsizi  qışqırdı:

— Dərhal,  İslam dinini inkar edəcəksən!

Həzrəti Yasər:

— Allah birdir, Ondan başqa tapınacaq ilah yoxdur. Muhamməd əleyhissəlam Allahın Rəsuludur

 Deyə qışqırdı.  Xain müşrik şiddətlə  üzərinə doğru əyildi:

— O halda, heç görülməmiş şəkildə  can verməyə hazırlaş!

Elə o zaman həqiqətən  dünyada heç görülməmiş bir  vəhşiliyə əmr verildi.

Dağlar daşlar təkrarladı

Dörd qəddar cəllad, dörd dəvəni eyni anda  əllərindəki yanmış ağaclarla dağladılar.  Dörd bir yana qaçan dəvələr Həzrəti Yasəri birbaşa Cənnətə uçurdular. Dağlar-daşlar, qurdlar-quşlar,  yerlərdəki və göylərdəki mələklər eyni ilahi kəliməni təkrarlayırdılar:

— La ilahə illəllah, Muhammədun  Rəsulullah.

Bu mənzərəyə insan ürəyi dayanarmı?  Ancaq Süməyyə Xatun dayandı. Çünki qəti olaraq bilirdi ki,  sevgili əri Yasər bu anda Cənnəti-əladadır.

Bizə doğru yolu göstərdi

Yasər ailəsinin cəfaya və müsibətə uğramadığı gün heç yox kimi idi. Həzrəti Yasər və oğlu Abdullahı görülməmiş bir şiddətli işgəncə ilə şəhid etdikdən sonra Süməyyə Xatun İslamın ən böyük düşməni ilə qarşılaşdı. Əbu Cəhil gülərək dedi ki:

— İnandığın Allah ərini ölümdən qurtara bilmədi!

Süməyyə Xatun sükunətlə cavab verdi:

— Allah Onu  Cənnətinə aldı. Ərimi sizin kimi bütlərə, pula və dünyaya tapınmaqdan qurtardı.  Allahu təalanın Rəsulu Ona və bizə doğru yolu göstərdi. Ey Allah və Rəsulullah düşməni!  Sən get öz axmaqlığınla yaşa! Böyük başını bədənindən qopardıqları gün, içində beyin olmadığı aydın olacaqdır. Amma o zaman, nə fayda!

Əbu Cəhil həqiqətən böyük olan başı qızdı və qışqırdı:

— Sus, ey Əbu Huzeyfənin köləsi! Mənim kimi bir əfəndiyə bunları necə söyləyə bilərsən?

— Sən, itdən də alçaqsan!  Çünki quduz itlər belə sizin etdiyiniz şəkildə insan öldürməzlər.

Əbu Cəhil əlindəki nizəylə oynayırdı. Birdən onu qadına atdı. Sümeyyə Xatun oradaca şəhid oldu. İslamda ilk şəhid olan bunlardır. Yəni, qadınlardan Sümeyyə Xatun, kişilərdən Həzrəti Yasər idi.

Həzrəti Ammara da Muqirəoğulları belə işgəncələr etmişdilər. Müşriklər yenə suya batıraraq işgəncə etmiş olduqları bir sırada Peyğəmbərimiz  Ammar ibn Yasərə  rast gəlmişdi.  Ammar ağlayırdı. Kainatın əfəndisi mübarək əlini onun gözlərinin üzərinə sürdü və buyurdu ki:

— Bir daha kafirlər səni tutub suya batırsalar və sənə belə-belə söylə, desələr və bu  işgəncəni təkrarlasalar, onların söylətdirmək istədiklərini söylə, işgəncədən xilas ol!

Muqirəoğulları  Ammarı bir gün tutdular. Məymun quyusunun içinə batırdılar.

— Sən Muhammədi inkar edib,  bütlərimizə dönənə qədər səni buraxmayacağıq, dedilər.

Həzrəti Ammar da  kafirlərin dediklərini qəlbiylə qəbul etmədiyi halda diliylə söylədi.

İman ilə doludur

Rəsuli-əkrəmə, “Ammar kafir oldu” deyə xəbər verildi. Rəsulullah əfəndimiz  buyurdu ki:

— Haşa! O kafir olmaz. Başdan ayağa qədər imandır və əti ilə dərisi arası iman ilə doludur.

Ammar, küffar əlindən qurtulub, Rəsulullahın yanına gəldi. Kafirlərin əza və cəfasından ağladı. Rəsulullah əfəndimiz iki mübarək əli ilə  gözünün yaşını sildi və təsəlli buyurdu.

Bu hadisə üzərinə Nəhl surəsinin; “Kim Allaha küfr edərsə, onlara şiddətli bir əzab vardır. Ancaq qəlbinə iman yerləşmiş olduğu halda küfr kəliməsini deməyə məcbur edilib, yalnız dili ilə deyənlər müstəsnadır”, məalindəki 106-cı  ayəti-kəriməsi nazil oldu.  

Rəsulullah (sallallahu əleyhi və səlləm) də Həzrəti Ammara buyurdu ki:

— Müşriklər əziyyət etsələr yenə belə söylə.

Ammar ibn Yasər həzrətləri  Məkkə dövründə gördüyü işgəncələrdən sonra  Həbəşistana hicrət edənlər arasında idi. Daha sonra təkrar Məkkəyə qayıtmış,  bir müddət orada qaldıqdan sonra Mədinəyə köç edərək Həzrəti Münzir ibn Abdülmübəşşirin qonağı olmuşdur. Daha sonra Peyğəmbər əfəndimiz onu  Ənsardan Huzeyfə ibn Yəman ilə  din qardaşı etmişdir.

Həzrəti Ammar Mədinəyi-münəvvərəyə gələndə Rəsulullah üçün bir ibadət və istirahət yerinin lazım olduğunu söylədi. İslamda məscid tikilməsinə ilk təşəbbüs edən o idi və bu sayədə Qubə məscidi inşa edildi.

Cüt kərpic daşıyırdı

             Ammar ibn Yasər Məscidi Nəbəvinin də inşa edilməsində iştirak etmişdi.  Məscidi Nəbəvinin  təməli  atıldığı zaman divar inşa etmək üçün kərpic kəsdirilmişdi. Quruyan kərpiclər olduqları yerdən məscid ərazisinə Əshabı-kiramın kürəklərində daşınırdı. Hər kəs  bir-bir  daşıyarkən, Həzrəti Ammar böyük bir fədakarlıq göstərib;

— Biri özüm,  biri Rəsulullah üçün, deyib iki kərpic gətirirdi və dili ilə də;

— Biz Müsəlmanlar məscidlər inşa edərik, deyirdi.

Peyğəmbər əfəndimiz Ammarın yanına gəldi və mübarək əli ilə kürəyini sığalladı və buyurdu ki:

— Ey Süməyyənin oğlu! Sənin iki əcrin, savabın, başqalarının bir əcri vardır. Sənin dünyada ən son azuqən, ruzin də bir içim süddür.

Həzrəti Əbu Səid Hudri deyirdi ki:

— Biz kərpici bir-bir daşıyırdıq. Ammar isə iki-iki daşıyırdı. Rəsulullah əfəndimiz, Ammarı belə üstü toz-torpaq içində görəndə, onun üstündəki tozları silkələyərək:

— Vah Ammar! Vah Ammar! Onu  baqilər öldürəcəkdir, deyə xəbər verdi.

Ammar ibn Yasər Bədir başda olmaqla, Ühüd, Xəndək və Təbuk hərbi daxil,  Rəsulullah əfəndimizin  bütün savaşlarına qatıldı.  Hər döyüşdə şücaət və cəsarətiylə tanındı.  Rəsulullahın yanından heç ayrılmadı.

Bədir günü xain Əbu Cəhilin böyük başı iki mücahid tərəfindən kəsildi. O zaman Sevgili Peyğəmbərimiz  Həzrəti Ammara buyurdu ki:

— Allahu təala anacanının qatilini öldürdü.

Cənnət irəlidə!

             Rəsulullah əfəndimizin vəfatından sonra Həzrəti Əbu Bəkir dövründə edilən  döyüşlərdə də  eyni şücaət və  cəsarətlə  döyüşdü.  Abdullah ibn Ömər  deyir ki:

— Yəmamədə mürtədlərə qarşı hücum edən bənzərsiz bir igid gördüm. Düşmən səflərini yerlə bir edir, bir tərəfdən qılınc yelləyir, digər tərəfdən belə söyləyirdi:

“Bizim Peyğəmbərimiz Muhamməd-ül Əmindir. Peyğəmbərlərin axırıncısıdır. Ondan sonra Peyğəmbər gəlməyəcəkdir. Əksini söyləyənlərin hamısı yalançı saxtakardır.

Bu sözləri Müsəyləmət-ül Kəzzab tərəfdarlarını belə razı edirdi. Tam bu sırada sürətli bir qılınc zərbəsi başında vızıldadı. İti dəmir bir qulağını kəsdi. Axan qanları əliylə dayandırmağa çalışırdı. Bir tərəfdən də “Cənnət irəlidə!.. Cənnət irəlidə!” deyə qışqırır, mücahidləri eşqə gətirirdi. Sanki, şəhid ana və atasını görür kimi döyüşürdü. Yalançı Müseyləmə də yalançı ordusu da qısa zamanda məğlub oldular.

Ammar ibn Yasər Həzrəti Ömər dövründə Kufə valiliyinə təyin olundu. Xəlifə, təyin əmrində Kufəlilərə belə yazdı:

— Sizə Ammar ibn Yasəri vali,  İbni Məsudu müəllim və köməkçi olaraq təyin etdim.  Bunların ikisi də Əshabı-kiramın seçilmişlərindəndir. İkisi də Bədir hərbində iştirak etmişdir. Onları dinləyib, itaət edin.

Sevinmədim ki, kədərlənim

Həzrəti Ammar Kufəni bir il doqquz ay mükəmməl bir şəkildə idarə etdi. Xəlifə Həzrəti Ömər  Ammarı Mədinəyə çağırdığı zaman ondan soruşdu:

— Kədərləndinmi?

— Valiliyə təyin olunduğum vaxt sevinmədim ki, alındığım vaxt kədərlənim.

Həzrəti Osman dövründə fitnə və fəsad başladığı zaman xəlifə bunun səbəbini öyrənmək üçün Ammarı Misirə göndərdi.  Bu böyük səhabə fitnə və fəsadı ortadan qaldırmaq üçün çox səy göstərdi.

Daha sonra Siffin müharibəsində iştirak etdi. Döyüş əsnasında yanındakılardan soruşdu:

— İçəcək bir şeyimiz varmı?

Qırmızı halqalı qab içində süd gətirdilər. Bunu görən Ammar ibn Yasər dedi ki:

— Allah Rəsulunu təsdiq edirəm, doğrulayıram!  İllər əvvəl bizə belə bir qabdan içəcəyim südün mənim dünyadakı son ruzim olacağını buyurmuşdu.

Sonra südü Bəsmələylə son damcısına qədər içdi. Allaha həmd etdi.

Ammar bu hərbdə 94 yaşında şəhid oldu. Həzrəti Əli Ammar ibn Yasərin şəhid olduğunu öyrənəndə çox kədərləndi və buyurdu ki:

— Allahu təala Ammara rəhmət etsin. O, Rəsulullahın ətrafında bir neçə adam var ikən Müsəlman olmuşdu. Özü heç şübhəsiz məğfirətə qovuşacaqdır. Çünki, Allahu təalanın Rəsulu Ammar ailəsini Allahın məğfirəti ilə  müjdələmişdi.

Cənazə namazını şəxsən özü qıldırdı və paltarıyla yuyunmadan Kufə qəbiristanlığına dəfn edildi.

Ammar ibn Yasər əxlaqı yüksək bir şəxs idi. Az danışar, çox vaxt hüznlü və kədərli olardı. Son dərəcə doğru və haqqa riayət edərdi. Çox bəliğ (açıq)  və qısa bir xitaba sahib idi.  Namazına çox diqqət edərdi.

Ammar ibn Yasər hədisi-şərifləri ən doğru bilənlər arasında sayılmaqdadır. Şöhrətin,dünyaya düşkün olmamasına və haramlardan çəkinməsinə, insanlar üzərinə göstərdiyi etimada, mübarizəsinə sədaqətlə bağlılığına borcludur.

Cənnət üç adamı arzu edər

Həzrəti Ammar hədisi-şəriflər ilə mədh olundu:

Cənnət üç adamı şiddətlə arzu edər. Bunlar Əli, Ammar və Səlmandır.”

“Ammara düşmən olana, Allahu təala düşmən olar. Ondan nifrət edənə Allahu təala nifrət edər.”

Əbu Vail belə rəvayət etmişdir:

“Ammar ibn Yasər bizə qısa bir xütbə oxudu. Xütbəni oxuyub endikdən sonra ona  xütbəni çox qısa oxuduğunu söylədik. Bunun üzərinə belə dedi:

— Rəsulullah əfəndimizin, “Bir kimsənin namazının uzun, xütbəsinin qısa olması, onun fiqh bildiyinə əlamətdir” buyurduğunu eşitdim.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину